Azərbaycanda ali təhsilli dindarlar üçün qəbul QAYDASI

02 İyul, 2018 11:55 | Sosial | Baxış sayı: 50
Namaz
Namaz

Abituriyentlər Psixoloji Komissiyada müsahibədən də keçməlidirlər

 Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb. İnstitutdan verilən məlumata görə, 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçiriləcək.

İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılacaq.

İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 200 bal müəyyən edilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi nəzərdə tutulub.

Yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin test imtahanı ilə yanaşı, dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçəcəklər. Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat 29-31 iyulda, boş qalan yerlərə qeydiyyat isə 15, 16 avqust tarixlərində aparılacaq.

İlk imtahan 1-6 avqust, boş qalan yerlərə imtahan isə 17-20 avqustda saat 09:00-dan başlayaraq Bakı şəhəri Əhməd Cəmil 41a ünvanında - Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.