Milli Məclis maska taxmayanların 50 manat cərimələnməsi qərarını təsdiqlədi

02 İyun, 2020 12:42 | Sosial | Baxış sayı: 60
Avtobus
Avtobus

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib.

İstiPress-in məlumatına görə, məcəlləyə edilən dəyişikliklə karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. 

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. 

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. 

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.