Azərbaycanda dini maarifləndirmə ilə bağlı tədbirlərə start verildi

02 Mart, 2017 19:58 | Sosial | Baxış sayı: 1190
Dini maarifləndirmə ilə bağlı tədbir
Dini maarifləndirmə ilə bağlı tədbir

Radikal dini cərəyanlarla mübarizə artırılır

Rayonda, xüsusən gənclər arasında dini durumun qənaətbəxş olmaması Qusar icra hakimiyyətini qabaqlayıcı tədbirlər görməyə vadar edib. İcra hakimiyyəti başçısı Şair Alxasovun qərarı ilə bu gündən rayonda dini duruma aid müşavirələrə start verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, ilk müşavirə bu gün Qusar şəhərindəki 6 saylı məktəbdə baş tutub. Müşavirədə rayonun İcra hakimiyyəti, prokurorluq rəsmiləri, təhsil işçiləri, yuxarı sinif şagirdləri iştirak edib. Çıxışlarda bildirilib ki, rayonda adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, gənclərin zərərli dini təriqətlərə cəlb edilməsi halları artmaqdadır. Əsasən vəhhabi məzhəbinin bir sıra radikal üzvləri dini təbliğata xidmət edən fəaliyyətlə məşğul olur, adətlərimizə uyğun olan dini ayinlərin keçirilməsinə mane olur, çoxlu sayda radikal dini təriqətlərə qoşulmaq üçün vətəndaşları, xüsusən gəncləri öz ətraflarında toplamağa cəhd edirlər.

Qusarın icra hakimiyyətinin başçısı Şair Alxasov və rayon prokuroru Zahid Vəliyev çıxışlarında bildiriblər ki, gənclərin belə zərərli dini məzhəblərə qoşulmaları yolverilməzdir. Bildirilib ki, rayonun aidiyyatı qurumlarında vəhhabi tətiqətli bəzi gənclərin Dağıstanla əlaqəli olmaları, bəzilərinin Suriyadakı münaqişələrdə iştirakı barədə xeyli məlumat var. Müşavirədə qeyd edilib ki, bu gün qeyri-ənənəvi dini təriqətlərə meyl göstərən, ölkəni tərk edərək müxtəlif qanunsuz silahlı birləşmələrə qoşularaq döyüşlərdə iştirak edən gənclərin sayı artmaqdadır. Acınacaqlı hal həm də odur ki, Azərbaycandan kənarda qanunsuz silahlı dəstələrin tərkibində döyüşlərə qoşulan gənclər ailəlikcə ölkəni tərk  edir, ailələr sonda itki verərək fəlakətlə üz-üzə gəlirlər.

Rayonun icra və hüquq-mühafizə orqanlarında Suriyada fəlakət yaşayan qusarlı ailələr haqda, öz ağılsızlıqları ucbatından fəlakətlə rastlaşan qusarlı ailələr haqda kifayət qədər məlumat var. Deyilib ki, bu məlumatlar hər birimizi ayıq-sayıq olmağa, gəncləri belə yollara düçar edən səbəblərin aradan qaldırılması istiqamətində əməli işlər görməyə sövq edir.

Müşavirədə bu istiqamətdə gənclər, yuxarı sinif şagirdləri arasında maarifləndirmə, təbliğat işlərini gücləndirmək üçün rayonun 29 icra nümayəndəliyinin ərazisindəki məktəblərdə, tədris ocaqlarında bu qəbilli tədbirlərin davamlı keçirilməsi qərara alınıb. Qusar prokuroru Zahid Vəliyev bu ilin fevral ayında DTX-nin keçirdiyi uğurlu əməliyyat nəticəsində öldürülən  4 terrorçudan 2-nin - Qərib Dəmirovun rayonun Əniğ kəndindən, Xudatdan olan Məhəmməd Ulubəyovun isə bu rayonla qohumluq əlaqələrinin olmasından təəssüflə danışıb və gənclərimizin bir də bu aqibəti yaşamaması üçün yerlərdə müxtəlif izahedici və maarifləndirici tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.

Qusar prokuroru Zahid Vəliyev cəbhədə xüsusi şücaət göstərərək meyiti 39 gün qarşı tərəfdə qalmış, qısa, amma, 23 illik şərəfli ömür sürmüş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovu bütün gənclərimizə gözəl bir nümunə sayıb. Bildirib ki, belə şərəfli ölmək yaxşıdır, nəinki terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı yox.....