Kənddə yaşayanların işi asanlaşdı - Azərbaycanda

01 Noyabr, 2019 09:49 | Sosial | Baxış sayı: 209
Avtovağzal
Avtovağzal

Artıq Bakıya gəlmək üçün vağzala getmək lazım olmayacaq

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edilib.  Xidmətdən İstiPress-ə verilən məlumata görə, artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etmək məcburiyyətində olmayacaqlar.

Onlar vağzalla yanaşı yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişinə bilet təqdim ediləcək.

Təqdim edilən xidmət "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur. Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini vermiş olacaq.