İlham Əliyev küçədəki işıqlardan narazı qaldı

01 Avqust, 2019 08:27 | Sosial | Baxış sayı: 513
Küçə işıqları
Küçə işıqları

Prezident iclas keçirib iradlarını dilə gətirdi

"Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur".

Bunu ötən gün prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı deyib. O, bildirib ki, bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

"İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdı, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir.

Şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir".

Dövlət başçısı həmçinin qeyd edib ki, son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. "Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq".