Dil bayramını ən coşğulu qeyd edən rayon

01 Avqust, 2019 18:23 | Sosial | Baxış sayı: 154

Şimalda yaşanan möhtəşəm inkişaf

Bu gün ölkədə Azərbaycan dili və əlifbası günü qeyd olunur.

İstiPress-in şimal bürosu olaraq Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə 2002-ci ildən qeyd edilən bu günün Qusarda necə keçirilməsindən söz açacağıq.

Qusar o rayonlardandır ki, təxminən 2001-2006-cı illər arasında bu rayonda dövlət dilinin tədrisində ciddi problemlər vardı. Həm məktəblərdə Azərbaycan dili dərsləri keyfiyyətli keçirilmir, həm də bu dili tədris edən ixtisaslı kadrlara ciddi ehtiyac vardı. Rəhmətlik Heydər Əliyevin məlum fərmanından sonra ANS bu sahədə olan əsaslı nöqsan və çətinlikləri ekrana çıxararaq ictimailəşdirib. Qusar icra hakimiyyəti və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər məhz ANS-in araşdırdığı videomateriallardan sonra reallaşıb.Indi isə vəziyyət tam dəyişib. Faktlar başqa söz deyir.

Qusar təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyevdən aldığımız məlumata görə, bu gün Qusarın məktəblərində 11 nəfər Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən kadra ehtiyac var. Halbuki, 2001-2008-ci illərdə Qusarda 100-dən çox dövlət dili müəlliminə ehtiyac olduğu deyilirdi. Təhsil nazirliyilə yerli icra hakimiyyətinin birgə apardığı işlər sayəsində rayon məktəbləri ixtisaslı Azərbaycan dili müəllimlərilə təmin olunub, bəzi məktəblərdə isə qeyri-Azərbaycan dili ixtisaslı müəllimlər ixtisasartırma kursları vasitəsilə bu fənnin tədrisinə qoşulublar.

Qusar təhsil şöbəsinin rəsmisi Niftəli Fərzəliyev bildirir ki, bu gün rayonun 86 məktəbində Azərbaycan dili fənni  tədris olunur: "84 məktəbdə təlim Azərbaycan dilindədir. 2 məktəbdə  -Qalacıq və Yeni Həyat kənd məktəblərində təlim rus dilindədir və bu təhsil ocaqlarında da dövlət dili uğurla keçirilir. Valideynlərin arzusuna uyğun olaraq bu məktəblərdə də tədricən Azərbaycan dili bölməsi açılacaq."

Niftəli Fərzəliyevə  görə, rayonda çatışmayan 11 nəfər  ixtisaslı Azərbaycan dili və ədəbiyyatı müəllimindən 3-ü məhz tədrisi rus dilində olan məktəblərə lazımdır və təyinatla gələn ixtisaslı kadrlar əvvəlcə məhz bu məktəblərdə yerləşdiriləcək.

Qusar təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev dövlət dilindən söz düşmüşkən, Azərbaycan dili fənnini xüsusi mənimsəmiş bir 11-ci sinif məzunundan - Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbi bu il bitirmiş Maişat Rasim qızı Vəlimətovadan həvəslə söz açıb: "Bu uşaq 9-cü sinfə qədər dağlıq - sırf ləzgilərin yaşadığı Gican kəndində oxuyub. 10-cu və 11-ci sinifləri isə 1 saylı məktəbdə davam etdirən Maişat bu il Təhsil Nazirliyinin keçirdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsinin 1-ci yerə çıxan 6 qalibindən biri olub. Bu, çox sevindirici haldır".

Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı məktəbin direktoru Arif Xəlilov isə Maişat Vəlimətovanın həm də orta məktəbi  qızıl medalla bitirdiyini deyib.: "Maişat Vəlimətova çox nümunəvi məktəbli  olub. Deyir ki, bütün uğurlarımı dövlət dilini mükəmməl öyrənməyim sayəsində qazanmışam. Bu məzunumuz qızıl medalla yanaşı, "Ədəbiyyat biliciləri" respublika müsabiqəsində 25000 şagird arasından seçilən 6 qalibdən biri olub."

Dövlət dili günü ilə bağlı Qusarın təkcə təhsil müəssisələrində deyil,mədəniyyət ocaqlarında da kütləvi  tədbirlər keçirilir. Xaçmaz regional mədəniyyət idarəsinin Qusar şöbəsinin rəhbəri David İbramxəlilov məlumat verib ki, rayon mərkəzləşdirilmiş kitabxana sistemi artıq neçə ildir 1 avqust-Azərbaycan dili və əlifbası gününə silsilə tədbirlər həsr edir. Indiyəcən rayonun müxtəlif ərazilərində - Rusiya ilə sərhəddə yerləşən 42 filialda dövlət dili gününə həsr olunmuş geniş tədbirlər keçirilib. Onun sözlərinə görə,bu gün rayon mərkəzləşdirilmiş kitabxana sistemində silsilə tədbirlərə yekun vurulub: "Azərbaycan dili və əlifbası gününü qeyd etməyi bu işçilər könüllü həyata keçirib. Hamısı da maraqlı, oxucuları cəlb edən... Rayon MKS-nin direktoru Zahir Mustafayev dövlət dili tədbirində xüsusi olaraq qeyd edib ki, 1 avqustda Azərbaycan dili gününü qeyd etməyimiz ulu öndər Heydər Əliyevdən bizlərə miras qalan ən gözəl tarixi günlərdən biridi və bu günün ənənəsi həmişə davam etdiriləcək".

Baş tutan bütün tədbirlərdə, maraqlıdır ki, indi tətildə olan məktəblilər də həvəslə iştirak edirlər.

Böyük Heydər Əliyevin fərmanı ilə artıq 18 ildir ölkəmizdə keçirilən Azərbaycan dili və əlifbası günündə dövlət dilimizi sevən hər kəsi təbrik edirik. Dinundən, milliyyətindən asılı olmayaraq hər kəsi... Bu təbrikdən son 10 -15 ildə dövlət dilinin təkmilləşdirilməsi istiqamətində xeyli iş görən Qusar rayonunun hər bir sakininə də pay düşür...