Ermənilərin şəhid etdiyi əsgərin qəbri açıldı - FOTO, VİDEO

01 İyul, 2018 15:02 | Sosial | Baxış sayı: 751
Xaçmazın Pirquluoba kəndi ərazisində şəhidlik
Xaçmazın Pirquluoba kəndi ərazisində şəhidlik

Bütün ictimaiyyəti maraqlandıran məsələyə aydınlıq gələcək

Xaçmazın Pirquluoba kəndi ərazisində yerli əhalinin"şəhidlik"adlanan sahədəki məzarlıqda iki qəbir açılıb.

İstiPress-in şimal bürosuna məlumatı eksklüziv olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev verib.

Onun sözlərinə görə, ümumilikdə 4 hektar 82 sot sahənin 5 sotu araşdırma üçün hazırlanıb və sahə kol-kosdan təmizlənərək iki qəbir açılıb. Qəhrəman Ağayev bildirib ki, 1 nömrəli qəbirin qarət olunduğu ebtimal edilir, buradan yalnız insan bədəninin kiçik fraqmentləri aşkar edilib.

2 nömrəli qəbirdən isə tam şəkildə insan skeleti çıxarılıb. Həmin qəbirdən 8 ədəd insan sümüyü ekspertiza üçün götürülüb. Qəhrəman Ağayev məlumat verib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu rəsmi olaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə müraciət edəcək, götürülmüş nümunələr Birliyə təqdim olunacaq. Məhz burada həmin sümüklərin hansı dövrə aid olması müəyyən ediləcək. Xaçmazın Pirquluoba kəndindən gətirilmiş insan sümüklərinin türk mənşəli olub olmamasını isə Arxeologiya və Etnoqrafiya İnstitutunun antrpoloqu Dmitriy Kiriçenko sümüklərə baxış keçirəndən sonra deyə biləcək.

Qaldı ki, hamını, Xaçmazın Qoçaqlı və Pirquluoba kənd sakinlərini, yerli qurumları, xüsusən Türkiyənin Azərbaycandakı səfiri, bu ilin fevral ayında bu məzarlığa baş çəkən Erkan Özoralı, bütün ictimaiyyəti maraqlandıran əsas məsələ, yəni burada basdırılan insanların 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı döyüşlərdə qəhrəmancasına şəhid olan türk hərbçiləri olmasına -bu, Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində aparılacaq patoloji müayinələrin verəcəyi rəydən sonra məlum olacaq.

Arxeoloq alim Qəhrəman Ağayev bu faktla bağlı yalnız o məlumatı verdi ki, açılan qəbirdə mərhum üzü qibləyə doğru basdırılıb, yaşı-30-40 arasında olan müsəlman qəbridir. Sümüklərin basdırılma tarixi işə 100 ildən çox dövrü əks etdirmir. Təbii ki, burada ən real cavabı ekspertiza deyəcək.

Qeyd edək ki, Xaçmazın Pirquluoba kəndindəki "Şəhidlik"adlanan ərazidə  yerli əhali 1918-ci ildə ermənilərlə savaşda Azərbaycana köməyə gələn, qanlı vuruşmalarda həlak olan türk hərbçilərinin basdırıldığını bildirirlər. Məhz Qoçaqlı və Pirquluoba kənd sakinlərinin və rayon icra hakimiyyətinin müraciəti əsasında Arxeologiya və Etnorqafiya İnstitutu 3 gündür bu massivdə arxeoloji araşdırmaya başlayıb. İndi isə ekspertizanın nəticələrini gözləyək.