Hasar uşaqların üstünə uçdu - 1 ölü, 2 yaralı

01 İyun, 2020 13:56 | Sosial | Baxış sayı: 156
Təcili yardım maşını
Təcili yardım maşını

Qusarın Cibir kəndində bədbəxt hadisə baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini Valəddin Şeydayevin həyətindəki daş hasar, hasara bitişik dəmir qapı və daş tumbalar burada oynayan 3 uşağın üstünə aşıb.

Nəticədə uşaqlardan biri - 8 yaşlı Arif Çingiz oğlu Əlusultanov aldığı ağır xəsarətlərdən -açıq kəllə -beyin travmasından yerindəcə keçinib.

Ev sahibinin 10 yaşlı oğlu Ramal və 6 yaşlı qızı Gülay Şeydayevlər isə dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Gülay Şeydayevaya qarın nahiyəsinin küt travması, Ramal Şeydayevə isə döş qəfəsinin küt travması və pnevma-hematoroks diaqnozu qoyulub və uşaqlar əməliyyat olunub.

Verilən məlumata görə, hazırda reanimasiya şöbəsində olan bacı-qardaşın vəziyyəti sabit ağırdır.

Təxminən 10 il qabaq mişar daşından tikilmiş hasarın qapı qarışıq aşmasının səbəbləri Qusar rayon prokurorluğunda araşdırılır.

Bədbəxt hadisə nəticəsində həlak olmuş 8 yaşlı, 2-ci sinif şagirdi Arif Əlisultanov 2 uşaqlı ailənin tək oğul övladı olub, azyaşlı bacısı ondan balacadır.