Qaz limiti necə tədbiq ediləcək?

01 May, 2019 12:11 | Sosial | Baxış sayı: 392
Qaz plitəsi
Qaz plitəsi

Tarif Şurası limitin artırılmasına aydınlıq gətirdi

Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Tarif Şurasının Katibliyindən verilən məlumata görə, artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan çox abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq.

Artırılmış limitin tətbiqinə gəlincə, qeyd edək ki, hesablaşma bu il yanvarın 1-dən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək. Misal: Tutaq ki, abonent mayın 1-dək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetr) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq.

Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kubmetr) çox təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kubmetr x 20 qəpik olmaqla həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kubmetrdən aşağıdır.

Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.