Prezident tibbi sığorta haqqında qnaunu dəyişdi

01 Fevral, 2019 10:33 | Sosial | Baxış sayı: 87
Həkim
Həkim

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanunda aşağıdakı dəyişikliklər əlavə edilib:

“Maddə 1-1. Tibbi sığorta və onun formaları

1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

1-1.2. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.

1-1.4. Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edir.”;

Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar, tibb təchizatçıları və tibbi ərazi bölmələridir.

Könüllü tibbi sığorta üzrə sığortalının hüquqları aşağıdakılardır:

6.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;

6.1.2. sığortaçını sərbəst seçmək;

6.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.

6.2. Könüllü tibbi sığorta üzrə sığortalının vəzifələri aşağıdakılardır:

6.2.1. sığorta haqlarını vaxtında ödəmək;

6.2.2. sığortaolunanların sağlamlıq vəziyyətinin göstəriciləri haqqında sığortaçıya məlumat vermək.

6.3. Könüllü tibbi sığorta müqaviləsində sığortalı üçün digər vəzifələr də nəzərdə tutula bilər.”.

7.1. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları aşağıdakılardır:

7.1.1. könüllü tibbi sığorta şəhadətnaməsini aldıqları andan bu Qanunla və könüllü tibbi sığorta müqaviləsində müəyyən olunmuş hüquqları həyata keçirmək;

7.1.2. könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən hər hansı birini və həkimi seçmək;

7.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

7.1.4. könüllü tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;

7.1.5. sığortalıya, sığortaçıya, tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə qarşı, könüllü tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, məhkəmədə iddia qaldırmaq;

7.1.6. könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edildiyi halda, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.

İcbari tibbi sığorta üzrə sığorta haqları

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:

1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə – təqvim ili üçün adambaşına 120 manat.

15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,05 manat;

15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;

15-10.1.8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Düzəlişlərin tam mətni ilə BURADAN tanış ola bilərsiz.