Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr, 2018 08:38 | Siyasət | Baxış sayı: 18
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Həmrəyliyi Gününün əsası 1989-cu ildə SSRİ-İran sərhədlərinin dağılması ilə qoyulub

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Hər il olduğu kimi, bu ildə Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.