Paşinyan Qarabağa görə faşist oldu

31 Oktyabr, 2019 17:12 | Siyasət | Baxış sayı: 510

Erməni baş nazir Moskvada rusları sədaqətinə inandırmağa çalışıb

Erməni mətbuatı Nikol Paşiyanın ruslarla söhbət zamanı bir vaxtlar Ermənistanı Avrasiya İttifaqından çıxarmaq istədiyini danması barədə yazırlar.   

İstiPress-in məlumatına görə, məsələyə məqalə həsr etmiş "İrates" qəzeti bu yaxınlarda Moskvada baş vermiş hadisədən yazıb.

Qəzetin yazdığına görə, Nikol Paşiyan Rusiya tərəfi inandırmağa çalışırmış ki, müxalifətdə olan zaman Avrasiya İttifaqından çıxmaqla bağlı təqdim etdiyi qanun layihəsinin müəllifi heç də o deyilmiş. Sən demə, “Yelk” (Çıxış) fraksiyasının rəhbəri olan zaman o, alyansda olduğu qərbpərəst "İşıqlı Ermənistan" və "Respublika" partiyalarının təzyiqi altında bu sənədi hazırlayıbmış.

Rusların bu məsələyə inanıb, inanmadığı elə də bəlli deyil. Amma ermənilər çətin ki, buna inana. Çünki müxalifətdə olduğu zaman Paşinyan özünü həmişə Rusiyanın düşməni kimi tanıdıb. Çıxışlarında və kitablarında Qarabağ münaqişəsini həll etməyin, Azərbaycanla barışmağın vacibliyindən danışıb, üç Qafqaz respublikasının rus asılılığından yalnız birlikdə çıxa biləcəyindən bəhs edib.

Lakin hakimiyyətə gəldikdən sonra Paşiyan da özündən əvvəlki rəqiblərinin yolu ilə getməyə  - yəni Serj Sarkisyanın rəhbəri olduğu klanın ideologiyası olan faşist “armenekon” ideologiyasının tərəfdarları kimi danışmağa başladı. Rusiya KİV-lərinin yazdığına görə, bu ideologiya bir vaxt Hitlerlə əməkdaşlıq etmiş erməni hərbçi Qaregin Njde tərəfindən yaradılıb və Serj Sarkisyan zamanında hakim ideologiya idi. Hakimiyyət təmsilçiləri hətta rus jurnalistləri ilə söhbətlərində faşist Almaniyasının rəhbərləri kimi ari mənşələri ilə öyünürlərmiş.

Onları hakimiyyətdə əvəz edən Paşinyan da istər-istəməz öz hakimiyyətini qorumaq üçün erməni ictimaiyyətinə hakim kəsilmiş bu əhvala boyun əyməli oldu. O da Qarabağla bağlı faşist bəyanatlar səsləndirməyə, Qarabağı əldə saxlamaq üçün Rusiyanın qarşısında lakeylik etməyə başladı. Beləcə, ermənilərin 2 min ilə yaxındır ki arzuladıqları müstəqil dövlət ideyası faşist ideyaları sayəsində ölü doğulmuş körpə kimi Avrasiya İttifaqı qəbristanlığına dəfn edildi.