Ermənistandan Azərbaycana dəstək addımı

31 Oktyabr, 2017 12:39 | Siyasət | Baxış sayı: 5389
Ermənistan əsgəri qoşunların təmas xəttində
Ermənistan əsgəri qoşunların təmas xəttində

Qarabağ münaqişəsinin dinc yolla həlli imkanı yarana bilər

Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu açıldıqdan sonra bir sıra erməni mətbu orqanlarının layihə və Azərbaycanın regionda yürütdüyü siyasət barədə mövqeyi nisbətən müsbətə doğru dəyişib.

İstiPress-in məlumatına görə, bir çox erməni portalları heç bir şərh vermədən BTQ-nin açılış mərasimindən Azərbaycan və dünya KİV-lərinin reportajlarını dərc ediblər. Bunların arasında layihənin önəmindən bəhs edən analitika materialları da yer alıb. 

Bakı - Tiflis - Qars dəmir yolunun açılış mərasimi
Bakı - Tiflis - Qars dəmir yolunun açılış mərasimi

Məsələn, Ermənistanın populyar analitka portalı “Lragir” BTQ-nin açılış mərasimi ilə bağlı “Amerikanın səsi” radiosunun hazırladığı analitik məqaləni dərc edib. Məqalədə qeyd edilib ki, BTQ dəmir yolu layihəsi öz önəminə görə, Bakı - Tiflis - Ceyhan (BTC) neft kəməri kimi epoxal layihə ilə müqayisə oluna bilər. BTQ-nin Avropa Birliyi və ABŞ tərəfindən dəstəkləndiyinin vurğulandığı məqalədə yeni dəmir yolunun faydası da açıqlanıb: Əgər yüklər indiyə kimi Çindən Avropaya 40-45 günə daşınırdısa, yeni dəmir yolu ilə bu 10-15 gün çəkəcək.

Azərbaycana qarşı həmişə kəskin mövqe tutan, Ermənistanı Cənubi Qafqazda qərb mədəniyyətinin tək nümayəndəsi, Rusiyanın düşməni kimi fantastik obrazda təqdim edən  “Lragir”in birdən birə dəyişməsi sual doğurandır. Ən maraq doğuran məsələ isə Rusiyanın ermənipərəst “Regnum” portalında dərc olunmuş “Baku-Tiflis-Qars Ermənistanı oyundan kənar qoyur?” məqaləsidir. Məqalənin müəllifi milliyyətcə erməni İosif Kubatyan regional layihələrdən kənar qalmış Ermənistanın yolların kəsişməsində yüksək daş üstündən oturmuş minillik kor bayquşa çevrildiyini bildirib.

Kubatyan öz məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin açılış mərasimində layihənin gələcək inkişafı barədə dediyi sözlərə yer verib: “Biz indi Şimal-Cənub və Bakı-Tiflis-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək”.

İosif Kubatyan Ermənistanın BTQ-nin tikintisinə elə ilk günlərdən mane olmağa çalışdığını bildirir. O, 2007-ci ildə Ermənistan prezidenti Robert Koçaryanın köməkçisi olmuş Viktor Soqomonyana istinadən bildirir ki, Koçaryan bu dəmir yolunun tikintisinə mane olmaq üçün hər vasitədən istifadə edib, hətta ABŞ rəhbərliyinə də müraciət edib və ABŞ hakimiyyətinin təmsilçiləri bu yolun tikintisinin əleyhinə olduqlarını bildiriblər.

“Amma bu ölkələrin (Azərbaycan, Gürcüstan və Türkiyənin - red.) işlərinə bundan artıq müdaxilə etmək və proqramın gerçəkləşdirilməsini dayandırmaq mümkün olmadı”,- deyə Viktor Soqomonyan vurğulayıb.

"Regnum" saytına yerləşdirilmiş xəritə
"Regnum" saytına yerləşdirilmiş xəritə

Məqalədə Ermənistan hakimiyyətinin BTQ-nin təsirini kompensasiya etmək üçün İran - Ermənistan dəmir yolu barədə səs-küy qopardığı, lakin bunun uğursuz bitdiyi də vurğulanır.  Yaxın illərdə İranla Azərbaycanı birləşdirəcək Rəşt-Astara dəmir yolunun tikintsi ilə regionda növbəti önəmli hadisənin baş verəcəyini bildirən müəllif bununla da Ermənistanın regional tranzit daşımalarından kənarda qaldığını bildirir.

“Regnum”un məqaləyə yerləşdirdiyi xəritə xüsusilə maraq doğurur. Əvvəllər portalın xüsusilə erməni müəllifləri dərc etdikləri xəritələrdə Qarabağın işğal olunmuş ərazilərini ayırırdılar və ayrıca dövlət kimi təqdim edirdilər. Amma bu dəfəki xəritədə zona Azərbaycan ərazisi kimi göstərilməklə yanaşı, həm də Ermənistan ordusunun bölgəni işğal etməsi də faktı da xüsusi qeyd edilib.

Göründüyü kimi, BTQ-nin işə düşməsi erməni ictimai fikrinin bir hissəsində Azərbaycanın xeyrinə dönüşə səbəb olub. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməsi üçün bu cür düşünənlərin sayı üstünlük təşkil etməlidir. Bunun üçünsə, BTQ tipli çox layihələr gerçəkləşdirib, Azərbaycanın doğru yolda olduğunu sübut etmək lazımdır.

Çingiz Rüstəmov / İstiPress