ANS ÇM dörd illik fasilədən sonra efirə qayıtdı - VİDEO

31 Avqust, 2020 12:21 | Siyasət | Baxış sayı: 552

Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu 4 illik fasilədən sonra efirə qayıtdı. 

İstiPress-in məlumatına görə, radionun efirə qayıdışı Rasim Müzəffərlinin "Cəm" verilıişi ilə oldu.

Verilişdə SSRİ dağılmağa başlayan dövrdən bəri ölkə jurnalistikasında baş verən köklü dəyişikliklərdən, son 30 ilin yekunlarından, jurnalistikanın bugünkü problemlərindən və gələcəyindən danışıldı.   

Verilişdə ölkənin müxtəlif düşərgələri təmsil edən aparıcı jurnalistləri çıxış etdilər:

Qulu Məhərrəmli – tanınmış jurnalist, ssenarist və media eksperti (teletənqidçi), Filologiya elmləri doktoru, BDU-nun professoru, 30-a yaxın kitabın müəllifi, uzun illər AZTV-də müxtəlif proqramların baş redaktoru olub, Əməkdar jurnalistdir.

Mehman Əliyev  – tanınmış jurnalist və media təşkilatçısı, 1990-cı ildən keçmiş SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri olan “Turan” İnformasiya Agentliyinin təsisçisi və direktorudur.

 Qənimət Zahid  – tanınmış mühacir jurnalist (hazırda Fransada yaşayır), media təşkilatçısı və yazıçı, 1990-2000-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub, 2016-cı ildən Turan TV-nin qurucusu və rəhbəridir.

Bəhruz Quliyev  – tanınmış jurnalist, Fəlsəfə üzrə fəlsəfə doktoru, 2005-ci ildən “Səs” qəzetinin baş redaktoru və 2008-ci ildən “Səs” Media Qrupunun (SİA, SəsTV, İnternet portallar) təsisçisi və rəhbəridir.