Koçaryanın "kreslo" arzusu

31 İyul, 2019 09:55 | Siyasət | Baxış sayı: 42
Robert Koçaryan
Robert Koçaryan

Həbsdən mesaj: "Populizmin qarşısında öz təcrübəmi qoymaq istəyirəm"

Ermənistanın məhkumluq həyatı yaşayan keçmiş prezidenti Robert Koçaryan yenidən hakimiyyətə qayıtmaq arzusundadır. 

"Qolos Armeniya" (Ermənistanın səsi) qəzetinə müsahibəsində Koçaryan deyib ki, Ermənistan rəhbərliyi hakimiyyəti uzun müddət saxlaya bilməyəcək.

"Hər şeyi küçələr həll edəcək. Düşünürəm ki, növbədənkənar parlament seçkiləri keçiriləcək. Belə idarəetmə keyfiyyəti ilə bu hakimiyyətin ömrü uzun olmayacaq və onun yenidən seçilmək üçün heç bir şansı yoxdur. Seçicilər də populistlərdən boğaza yığılaraq seçimində daha diqqətli olacaq".

Keçmiş prezident deyib ki, dövlətin maşını cəmiyyət üçün aydın olan rejimdə saat kimi işləməlidir. Koçaryan özünün qayıdışını da istisna etməyib. “Mən populizmin qarşısında öz idarəçilik təcrübəmi qoymaq istəyirəm. Ermənistanda mənim kimi təcrübəsi olan çoxdur?”. Onun sözlərinə görə, cəmiyyət artıq boş vədlərdən bezib.