Gənc azərbaycanlı qızın Avropa faciəsi

31 May, 2018 20:46 | Siyasət | Baxış sayı: 293

Sevgilisi xəstə uşaqdan imtina etdi, İsveç ölkədən çıxarır

27 yaşlı Xəyalə Quliyeva ağır xəstə olan 4 yaşlı oğlu Mikayıl ilə İsveçdən deportasiya olunmaq təhlükəsi ilə üzləşib.

İstiPress-in məlumatına görə, X.Quliyeva Skandinaviya ölkəsinə İsveç vətəndaşı olan cavan bir şəxslə keçib.

İki il sonra cütlüyün oğlu dünyaya gəlib və həkimlər ona qorxunc diaqnoz qoyublar - autizmin ağır forması. Uşaq inkişafda geri qalır və ətrafında nələrin baş verdiyinin hamısını anlamır.

Xəyalə Quliyevanın sevgilisi oğlunun xəstəliyini qəbul edə bilməyib və çox keçmədən onu atıb. Beləliklə, o, qaçqınlar üçün mərkəzə düşüb.

İsveçdə xəstə uşaqla tək qalan X.Quliyeva onlara sığınacaq verilməsi ilə bağlı ərizə yazıb, ancaq onun xahışinə rədd cavabı verilib. Və indi onu və oğlunu Azərbaycana deportasiya edilmək təhlükəsi gözləyir.

Amma Xəyalə Quliyeva vətənə qayıtmaq istəmir və iddia edir ki, onun oğlunun hərtərəfli insan kimi böyüməsinə yalnız İsveç həkimləri və bərpa üzrə proqram kömək edə bilər.

Autizmdən əzab çəkən uşaqların bərpası üzrə Mərkəzin baş həkimi Krister Larsson qeyd edir ki, Mikayıl danışmağı öyrənə və öz hərəkətlərini əlaqələndirə bilmir. Bundan başqa, uşaq təhlükələri hiss etmir və ona daimi nəzarət tələb olunur.

Həkim Krister Larssonun sözlərinə görə, İsveç həkimlərinin səyləri sayəsində Mikayılın vəziyyətinin yaxşılaşmasına nail olmaq mümkün olub. Ancaq bərpa proqramının dayandırılması bütün bu uğurları heçə endirə bilər.

Krister Larsson Xəyalə Quliyevanın İsveçdə qalmasına icazə verilməsi xahişi ilə Miqrasiya Şurasına müraciət edib ki, o, oğlunun müalicəsini davam etdirə bilsin.

Mikayıl, həmçinin Qetendəki Miklaqords məktəbəqədər müəssisəsinə gedib və orada xüsusi proqram üzrə kurs keçib. Ancaq deportasiya qərarı ilə bağlı onu oradan xaric ediblər.

İsveçin Miqrasiya Şurasında hesab edirlər ki, Mikayıla və onun anasına münasibətdə istisna etmək üçün heç bir tibbi təyinat yoxdur. İsveç məmurları Mikayılla bağlı olayı adi və xüsusi yanaşma tələb etməyən hadisə sayırlar.

Bundan başqa, Miqrasiya Şurasının mütəxəssisləri müəyyən ediblər ki, Mikayıl kimi uşaqlara kömək üçün Azərbaycanda xüsusi proqramlar var və Xəyalə Quliyeva oğlunun müalicəsini öz vətənində davam etdirə bilər.

Xəyalə Quliyeva deportasiya qərarına etiraz olaraq məhkəməyə müraciət edib, ancaq prosesi uduzub. İndi o, miqrasiya işləri üzrə Ali Məhkəməyə müraciət edib və bu onun İsveçdə qalması üçün son şansdır. /Virtualaz.org/