Soyqırım qurbanlarının xatirəsi unudulmadı

31 Mart, 2020 17:31 | Siyasət | Baxış sayı: 226

Quba Soyqırım Memorial Kompleksinin önünə güllər qoyuldu

Erməni vandalizminin əyani nümunəsi olan Qubadakı kütləvi məzarlıq-Quba Soyqırım Memorial Kompleksi bu gün çox qərib görünür.

Adətən - hər mart ərəfəsi - xüsusən 31 mart günü məzarlıqda  adam əlindən tərpənmək olmurdu. Respublikanın bütün bölgələrindən, xarici ölkələrindən gələn ziyarətçilər namərd qonşularımızın 1918-ci ildə dinc bölgə əhalisini qırğına necə  düçar etmələrini yerindəcə müşahidə edir,qurbanların ruhuna dua edərək xatirələrini anırdılar.

Bu gün isə bu nəhəng kompleksdə sakitçilikdir. Dünyanı lərzəyə salan təhlükəli epidemiya dəhşəti məzarlığa gələnlərə mane olub. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ qərargahın qoyduğu qaydalara uyğun olaraq məzarlığın sükutunu bu gün yalnız əlcək və tibbi maska taxmış Quba İH başçısı Ziyəddin Əliyev, iki müavini və şöbə müdiri olmaqla cəmi 6 nəfər pozub.

Rayon rəhbəri və müşayiətçilər erməni vəhşiliyinin güdazına getmiş dinc insanların xatirəsinə salınmış abidə önünə tər güllər döşəyib, xatirələrini anıblar. Məlumat üçün deyək ki, Qubadakı kütləvi məzarlıq 2007-ci il aprel ayının 1-də Quba şəhər stadionunda təsadüfi bir qazıntı zamanı aşkar edilib. Məzarlıq barədə mətbuata ilk məlumat verən jurnalist kimi deyə bilərəm ki, bu məzarlıq tapıldığı gündən ölkədə xüsusi diqqət mərkəzinə çevrilib.

2007-ci il iyul ayının 13-dən 2008-ci il sentyabr ayının 8-nə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspediya qrupu burada arxeoloji qazıntı və araşdırma aparıb. İnstitutun əməkdaşı, Quba soyqırım ekspediyasının rəhbəri Qəhrəman Ağayev bu gün koronavirus qadağası səbəbindən Qubaya gələ bilməsə də məlumat verdi ki, Qubadakı kütləvi məzarlıq aşkar edildiyi gündən dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb etməyə başlayıb: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məzarlığı ilk günlərdən xüsusi nəzarətdə saxlayıblar. 2013-cü il sentyabr ayının 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə möhtəşəm Soyqırım Kompleksinin istifadəyə verilməsi məhz ölkə rəhbərliyinin xüsusi diqqətinin bəhrəsidir. Məhz bu kompleks məzarlığın dünya səviyyəsində tanınmasında müstəsna rol oynayıb."

Qəhrəman Ağayev açıqlamasında onu da bildirib ki, Qubada məzarlıq ərazisində 20 kv.metr sahə işlənilməmiş qalıb: "Bunu əyani tarixi sübut kimi saxlayırıq".

Ermənilərə havadarlıq edən, soyqırım faktını dilə gətirməkdən ehtiyat edən beynəlxalq təşkilatlar bu məzarlığı, vəhşicəsinə, xüsusi qəddarlıqla öldürülmüş dinc insanların qalaqlanaraq guya basdırıldığı bu ağrılı məkanımızı istənilən vaxt ziyarət edib baxa bilərlər.

Yeri gəlmişkən qeyd edim ki, qonşu Qusarda yaşasam da 12 km-lik məsafədən mən də Quba məzarlığını ziyarət edə bilmədim. 2007-ci ildən bəri ilk dəfədir ki, mən 31 martda Soyqırım Kompleksinə gedə bilmədim. Lənət olsun koronaya. Ölkədə prezidentin, Operativ qərargahın qoyduğu xüsusi karantin reyiminə əməl etmək hər birimizin vətəndaşlıq borcudur.

Bu gün məzarlıq kütləvi ziyarət olunmasa da Soyqırım Memorial Kompleksinin saytı vasitəsilə elektron qaydada bütün məlumatları almaq mümkündür.

Kompleksin əməkdaşı Abutalıb Turabov bildirdi ki, bu sayt vasitəsilə kompleks barədə ətraflı məlumat almaq olar. Onun sözlərinə görə, ilboyu ziyarət olunan Quba Soyqırım Memorial Kompleksinə təkcə 2019-cu ildə 84754 nəfər insan gəlib ki, onlardan 18360 nəfəri əcnəbi vətəndaşlar, 66394 nəfəri isə yerli şakinlər olub. 

Aytəkin Alxaslı