Rusların Ermənistanda qoruduğu gizli atom bombası

31 Mart, 2018 17:45 | Siyasət | Baxış sayı: 632
Çernobıl AES-də partlayış - 1986-cı il
Çernobıl AES-də partlayış - 1986-cı il

İrəvanın Kremlin qucağında oturmaqdan başqa yolu yoxdur

Ermənistan Avropa Birliyinin Metsamor Atom Elektrik Stansiyasının (AES) işinin dayandırılması barədə tələbinə riayət etmək fikrində deyil.

İstiPress-in məlumatına görə, bunun əvəzinə Ermənistan 2018-2019-cu illərdə AES-in əsaslı təmirini gerçəkləşdirməyə qərar verib. Ermənistanı bu addımı atmağa Rusiya məcbur edir.

Birincisi, Rusiya Avrasiya İttifaqına və KTMT-yə daxil etdiyi Ermənistanı öz zonası sayır və İrəvanın tərəfdaşlıq sazişi bağladıqdan sonra Avropa Birliyinin əmrlərinə tabe olması Kreml üçün xoş deyil. İkincisi isə AES-in mülkiyyət hüququnun müəyyən hissəsi Rusiyaya məxsusdur və Moskva qəzalı sayılan AES-i sökərsə yerində yeni blok tikməlidir.

Mesamor AES - Ermənistan
Mesamor AES - Ermənistan

“Rosatom” tərəfindən tikiləcək həmin stansiyanın gücü 600 MVt və dəyəri 5 milyard dollar olmalıdır ki, Moskva hələ ki, bu layihəni gerçəkləşdirmək niyyətində deyil. Təxminən 300 milyon dollarlıq modernləşdirmə (270 milyon dollar kredit və 30 milyon dollar qrant) ilə stansiyanın istismar müddətini daha 10 il uzatmaq niyyətindədir.

Erməni tərəfi də respublikanın enerciyə olan tələbatının 40 faizini verən AES-lə vidalaşmaq niyyətində deyil. 1990-cı illərdə Spitak zəlzələsindən sonra işi dayandırılmış AES ölkəni qaranlığa qərq etmişdi. İş yerləri dayanmışdı, Ermənistan aclıq  və səfalətə bürünmüşdü. Ermənilər üçün AES-in işinin dayanması həmin qaranlıq günlərin geri qayıtması deməkdir.

Avropa Birliyinin tələbləri də əsassız deyil. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza göstərdi ki, ilk sovet AES-lərinin partlayış  təhlükəsi yüksəkdir, çünki atom bombası ilə eyni texnologiya əsasında qurulublar. Yəni Mesamor AES-i İrəvan yaxınlığında gizlədilmiş atom bombası da saymaq olar. Yəni Avropa Birliyi regionda yeni fəlakət ocağının yaranmasından qorxur.

Ermənistanın alternativ çıxış yolları da var. Məsələn, 50 meqavatt gücündə mobil AES-lər də quraşdıra bilər. Modern texnologiyalı bu AES-lər çox təhlükəsizdir. Amma məsələ bundadır ki, Ermənistanın həmin AES-ləri almağa pulu yoxdur, Rusiya isə gördüyü işi kreditə hesablayır. Buna görə də İrəvanın Rusiyanın qucağında oturmaqdan başqa yolu yoxdur.