Koronavirus dəhşəti davam edir - ÜST fövqəladə vəziyyət elan etdi

31 Yanvar, 2020 08:54 | Siyasət | Baxış sayı: 132
Koronavirus
Koronavirus

Virusun yayıldığı ölkədə ölü sayı sürətlə artır

Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 9692 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 213-ə çatıb. Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxanlardan 1527 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 15 min 238 nəfərə çatıb.

Ölüm hallarının 204-ü virusun aşkarlandığı və ən çox yayıldığı (5806 nəfər) Xubey vilayətində qeydə alınıb. Virusa yolxuanlarla yaxın ünsiyyətdə olmuş 102 min 427 nəfər də həkim nəzarəti altındadır.

Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə komitəsinin yanvarın 30-da keçirilmiş iclasında yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub. Bu barədə qurumun baş direktoru Tedros Asanom Hebreyesus bildirib.

"Virusun səhiyyə sistemi zəif olan ölkədə yayılarsa hansı ziyanı vura biləcəyini biz bilmirik. Biz bu dövlətlərə mümkün hala hazırlıqlı olmaqla bağlı kömək etməliyik. Bu səbəbə görə də fövqəladə vəziyyət elan etdik". 

Xatırladaq ki, Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin və İtaliyada ümumilikdə 100-ə yaxın adamın virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır.