Zakir Həsənov şimal bölgəsində

30 Dekabr, 2017 18:35 | Siyasət | Baxış sayı: 587
Zakir Həsənov Qusarda
Zakir Həsənov Qusarda

Qusara gözlənilməz səfər

31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsində qulluq edən əsgər və valideynləri xoş bir sürpriz aldılar.

İstiPress-in şimal bürosunun məlumatına görə, artıq ildə 4 dəfə keçirilən və bununla da 20-ci olan "Açıq qapı"günündə Qusara - bayramı onlarla birgə keçirməyə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da gəlmişdi. Əvvəlcə nazir, nazirliyin digər rəsmi şəxsləri və Qusar rayon rəhbərliyi  Heydər Əliyevin hərbi hissədəki abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoydular. Sonra hərbi hissənin mərkəzi meydanında "Açıq qapı" gününə həsr olunmuş təntənəli mitinq keçirilib.

Nazir hər iki bayram münasibətilə şəxsi heyəti, onların valideynlərini ürəkdən təbrik edib. Müdafiə naziri artıq respublikanın bütün hərbi hissələrində ənənə şəklini alınmış “Açıq qapı”ların Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirildiyini söyləyib.Təzəlikcə döyüş bölgəsindən qayıtdığını vurğulayan cənab Zakir Həsənov Qusara gələndə Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevə məruzə etdiyini, Ali Baş Komandanın bütün sahələr kimi, ordu quruculuğu sahəsinə də xüsusi önəm verdiyini deyib.

Azərbaycan Milli Ordusunun rəhbəri dediklərinə nümunə kimi ölkədə nazirliyin hərbi hissələrinin 80 faizinin yeniləndiyini, əsaslı bərpa olunduğunu diqqətə çatdırıb və bu istiqamətdə işlərin davam etdirildiyini də qeyd edib. Bayram ərəfəsində keçirilən “Açıq qapı”ların əsgər -valideyn ünsiyyətinin baş tutmasında əsas məqsədin mövcud problem və şikayətlərin, təkliflərin yerində dünlənilməsi olduğu da xüsusi vurğulanıb.

Qusarın icra başçısı Şair Alxasov da bütün qusarlılar adından müdafiə nazirini və bütün şəxsi heyəti bayramlar münasibətilə təbrik edərək bu qəbilli tədbirlərin səmərəsindən danışıb. Sonra nazir ona sözü olan valideynləri dinləyib, dekabrın 24-də üçəm atası olmuş hərbçi Əmrulla Əmirəliyev və onun valideynlərilə də görüşüb. Zakir Həsənov üçəm valideynlərinin bütün problemlərinin ölkə rəhbərliyinin nəzarətində olduğunu və nazirliyin döyüş bölgəsində xidmət edən Əmrulla Əmirəliyevin ev,məişət və digər qayğılarının həll edildiyini və ediləcəyini deyib.

Müdafiə naziri Qusar səfərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun valideynlərilə də görüşüb, qəhrəmanın  xatirə barelyefini ziyarət edərək gül qoyub. Sonra nazir və Qusarın icra başçısı Novruz bayramında olduğu kimi, indi də hərbi hissənin həyətində ağac əkiblər.

Əsgər valideynləri və qohumları, əsgərlərin bir neçəsi İstiPress-ə “Açıq qapı”ların valideyn rahatlığına, əsgərin döyüş qabiliyyətinin yüksəlməsinə müsbət təsir etdiyindən danışıblar.Valideynlər arasında Milli Məclisin üzvü Aydın Hüseynov da vardı və o, İstiPress-ə müsahibəsində oğlu Rüstəm Hüseynlinin burada şərəflə qulluq etdiyini söyləyib. Sonra bayram naharı verilib, əsgərlərlə çörək kəsən Azərbaycanın müdafiə naziri Zakir Həsənov 7 metr uzunluğu olan bayram tortunu da özü kəsib. Sonra qusarlı və hərbçi musiqiçilərin ifasında şən mahnı və rəqslər iştirakçılara ərmağan edilib.

Zakir Həsənov Qusarda