Qarabağda Azərbaycanın götürəcəyi yeni istiqamət

30 Dekabr, 2017 15:18 | Siyasət | Baxış sayı: 1918
Sontsepek - Azərbaycanın aldığı yeni reaktiv silah
Sontsepek - Azərbaycanın aldığı yeni reaktiv silah

Prezident Administrasiyasından edilmiş etiraf

Ermənistan rəhbərliyi həmişə iddia edir ki, Qarabağ məsələsində onların istəklərin ilə beynəlxalq ictimaiyyətin maraqları üst-üstə düşür.

İstiPress-in məlumatına görə, bunu Yeni il ərəfəsində Ermənistan Xarici İşlər Nazirliyində (XİN) diplomatlarla görüşündə Serj Sarkisyan bildirib.

Qarabağ məsələsində Ermənistanın marağının nə olmasını hələ 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal edən Ermənistan ordusunun zabitləri açıqlayıblar. Ermənistan televiziyasına nədənsə rusca müsahibə verən Ermənistan hərbçiləri iddia ediblər ki, bəs, indiyə kimi Kəlbəcərdə yaşayan azərbaycanlılar səhvən orda olublar, buna görə də onlar getməlidir və yerinə başqa adamlar, yəni ermənilər gəlməlidir. Erməni hərbçilər hətta iddia ediblər ki, Kəlbəcərdə yaşayan mülki əhaliyə qarşı çox mülayim davranıblar, çıxıb getmək istəyənlər üçün dəhliz qoyublar. Getmək istəməyənləri isə ya öldürüblər, ya da əsir kimi götürüblər. 

Ermənistan televiziyasının Kəlbəcərin işğalı barədə çəkdiyi film

Əgər, beynəlxalq ictimaiyyətin marağı budursa, bu, o deməkdir ki, beynəlxalq hüquq çoxdan lazımsız kağız parçasına çevrilib, Helsinki prinsipləri arxivə salınıb və dünya yalnız gücə sitayiş edir. Bu məsələyə Rusiyada nəşr olunan “Vestnik Kavkaza” portalı da toxunub. Supergüclərin seperatçılıq meyllərindən öz faydaları üçün yararlanmağa çalışdığını, bunun üçün münaqişə tərəflərini faciəyə sürüklədiyini vurğulayan portal Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsindən sitatlar gətirir.

Əli Həsənov həmin müsahibəsində Qarabağ münaqişəsinin başlaması zamanı və ondan əvvəlki dövrlərdə sovet rəhbərliyinin ermənilərə verdiyi gizli dəstəkdən bəhs edib. "1948-1953-cü illərdə SSRİ Nazirlər Şurasının qərarı ilə 150 min azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından Azərbaycana qovuldu. SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağ muxtar vilayətinin Azərbaycandan çıxması məsələsi və Ermənistana verilməsi məsələsi SSRİ-nin o vaxtkı rəhbərliyi ilə gizli razılaşdırıldıqdan sonra qaldırıldı. Bu fonda Ermənistanda yaşayan 200 min azərbaycanlı öz evlərindən zorla çıxarıldı",- deyə Əli Həsənov vurğulayıb.

Beləliklə, Azərbaycan Prezidentinin köməkçisi dolayısı ilə Qarabağ münaqişəsində Ermənistana dəstək verən güclərdən birinin Moskva olduğunu vurğulayıb. Təbii ki, indiki Rusiya rəhbərliyinin maraqları SSRİ-ni dağıtmağa çalışan Kreml təmsilçilərinin maraqlarından xeyli fərqlənir. Amma unutmaq olmaz ki, Rusiya diplomatiyasında, mediasında və mədəniyyət sahəsində sovet illərindən yerləşdirilmiş çox sayda erməni və ermənipərəst var ki, bəzən Moskvanın özü belə onlara qarşı radikal addımlar atmağa məcbür olur. Məsələn, Rusiyada fəaliyyət göstərən ermənipərəst "Regnum" portalı davamlı olaraq Rusiya ətrafındakı münaqişə ocaqlarını qızışdırmaqla məşğuldur. Portalın əməkdaşı Stanislav Tarasov Əli Həsənovun çıxışını şərh edərək iddia etməyə çalışıb ki, Azərbaycanın yeganə yolu Dağlıq Qarabağdakı işğal rejimi ilə birbaşa danışıqlara başlamaqdır.

Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ
Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ

ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər supergüclərin - Fransa və ABŞ-ın da münaqişəni həll etmək niyyəti yoxdur. Münaqişənin qalması qərb üçün Ermənistanı  Rusiyanın əlindən almaq üçün ümid yaradır, həmçinin Azərbaycanla Rusiyanın tam yaxınlaşmasına imkan vermir. Əgər Qarabağ münaqişəsi həll olunarsa, Qərbin regiona müdaxilə imkanı sıfra enə bilər. 

Yəni, göründüyü kimi, münaqişəni həll etməyə çalışan Azərbaycan ciddi qüvvələrlə üz-üzədir. Bəs nə etməli? Bunun cavabını "Vestnik Kavkaza" verib. Portal vurğulayıb ki, Azərbaycan 2017-ci ildə həm siyasi, həm də iqtisadi sahədə aparıcı mövqeyini qoruyub, həmçinin öz hərbi gücünü möhkəmləndirməkdə davam edib, ordusunu çağdaş silah və texnika ilə təchiz edib.

Zaman göstərir ki, bu ən doğru yanaşmadır. Birincisi, bu, işğal edilmiş torpaqlara kənardan ermənilərin yerləşdirilməsinin qarşısını alır, ermənilər İrəvan rejiminin vədlərinə inanıb öz talelərini potensial müharibə zonası ilə bağlamırlar. İkincisi, güclü Azərbaycan ordusu Ermənistanı daha təhlükəli avantüralara getməkdən çəkindirir. Ən nəhayət güclü ordu gec-tez Azərbaycana öz əraziləri üzərində nəzarəti bərpa etməyə imkan yaradacaq.