ABŞ-ın “erməni soyqırımı” iddiasına Rusiyadan gözlənilməz reaksiya

30 Oktyabr, 2019 16:51 | Siyasət | Baxış sayı: 990
Türkiyənin Rusiyadan aldığı S-400 raketləri
Türkiyənin Rusiyadan aldığı S-400 raketləri

Türkiyədən “S-400”lərə və Suriyaya görə qisas alırlar

ABŞ Konqressinin “erməni soyqırımını” tanıması bir sıra Rusiya KİV-ləri tərəfindən “S-400”lərə görə Türkiyədən qisas almaq kimi dəyərləndirilib.   

İstiPress-in məlumatına görə, Rusiyanın nüfuzlu “Vzqlyad” qəzeti  məsələyə həsr etdiyi məqaləsini məhz belə adlandırıb: “ABŞ Türkiyədən Suriyaya və S-400-lərə görə qisas aldı”.  

“Donald Tramp söz vermişdi ki, Türkiyə Rusiyadan S-400 almasına və Suriyada özbaşınalıq etməsinə görə cavab verməli olacaq, budur, Vaşinqton ona tabe olmayanları cəzalandırmağa başlayıb”,- deyə məqalədə bildirilir.

Müəllif onu da qeyd edir ki, Amerikanın 50 ştatından 49-unda “erməni soyqırımın tanımasına baxmayaraq, Konqress səviyyəsində bu mümkün olmurdu və hətta Obama kimi bir erməni aşiqi də buna nail ola bilməmişdi. Nə Obama, nə də Tramp “erməni soyqırımı” sözünü işlətməmişdi.

Bu dəfə isə bəzi respublikaçı konqressmenlərin səs verməsi ilə 232 səslə qətnamə qəbul edilib və “Vzqlyad” bunun S-400-lərlə bağlı olduğunu belə izah edir: “Elə ordaca, Konqress yerindən qalxmadan Türkiyəyə qarşı sanksiyaları bəyənib - bu dəfə Suriyadakı əməliyyatlara və S-400-lərə görə olduğu rəsmi bildirilib”.

Düzdür, məqalədə həm də bunun heç bir hüquqi gücü olmayan simvolik sənəd olması da vurğulanıb: “Türkiyənin Suriyada məsuliyyət zonasını bölüşdüyü və ABŞ-ı qəzəbləndirərək S-400-ləri aldığı Rusiya da “erməni soyqırımı”nı tanıyır, amma bu türkləri heç də narahat etmir”.

Müəllif bu məsələdə çox haqlıdır. Əslində, soyqırımla bağlı hüquqi sənədlər məhz Haaqadakı beynəlxalq məhkəmədə qəbul edilir. Faşist Almaniyası tərəfindən yəhudilərə qarşı, keçmiş Yuqoslaviyada serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı törədilmiş soyqırımlar da məhz beynəlxalq məhkəmə tərəfindən müəyyən edilib, tərəflər bununla bağlı məhkəmədə özlərini müdafiə ediblər.

Türkiyə də Ermənistana məsələni həll etmək üçün arxivləri açaraq beynəlxalq məhkəməyə müraciət etməyi təklif edir, lakin Ermənistan bundan qaçaraq, böyük dövlətlərin siyasi bəyanatları ilə nələrəsə nali olmağa çalışır. Lakin praktika göstərir ki, böyük dövlətlərin verdiyi siyasi qərarlar məhz öz xeyirləri üçün Türkiyəyə təzyiq vasitəsindən başqa bir şey deyil. Məsələn, soyqırım iddiasını ilk dəfə ortaya atmış keçmiş SSRİ beynəlxalq aləmdə 15 müttəfiq respublikasından biri kisi Ermənistanın hüquqlarını təmsil etsə də, beynəlxalq məhkəməyə müraciət etmədi, çünki sübutun olmadığını bilirdi. Əksinə, sovet rəhbərliyi soyqırım iddiasına soyuq müharibə şəraitində NATO üzvü Türkiyəyə təzyiq vasitəsindən başqa bir şey kimi baxmırdı.

Xristian təəssübkeşləri tərəfindən ABŞ-da qəbul edilmiş qərar da eyni qayda ilə NATO daxilində özünü yetərincə müstəqil aparan Türkiyə təzyiq vasitəsindən təzyiq vasitəsindən başqa bir şey deyil. Əslində, tarixən Türkiyəni və türkləri belə təzyiqlər heç zaman qoxutmayıb və adi hal sayılıb. 1453-cü ildə İstanbulu fəth edərək Türkiyəyə paytaxt etmiş Osmanlı imperatoru Fateh Mehmed bu halı belə təsvir edib: “Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə savaşır. Amma türk olmamaq türk olmaqdan daha çətindir, çünki türk olmayanlar türklərlə savaşmaq məcburiyyətindədirlər”.