ABŞ-dan Türkiyəyə gözlənilməz 2 zərbə

30 Oktyabr, 2019 09:19 | Siyasət | Baxış sayı: 527
Türkiyə və ABŞ bayraqları
Türkiyə və ABŞ bayraqları

XİN-dən sərt reaksiya: "Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar"

Türkiyənin Xаrici İşlər Nаzirliyi Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası tərəfindən 29 oktyabr Cümhuriyyət bayramının ildönümü günü rəsmi Ankaraya qarşı sanksiyaların, o cümlədə 1915-ci ildə baş verən hadisələrin "soyqırım" kimi tanındığı layihənin qəbulu barədə açıqlama yayıb. Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan layihəyə 400 nəfər səs verib. 16 nəfər isə layihənin əleyhinə çıxış edib. 

Suriyadakı əməliyyatlara görə Türkiyəyə bəzi sanksiyaların tədbiqini nəzərdə tutan qərarın səs çoxluğu ilə qəbuluna XİN sərt reaksiya verib. Açıqlamada belə deyilir: "Nümayəndələr Palatasının qəbul etdiyi qərarı tanımırıq. "Barış pınarı" hərəkatımızı əsas gətirərərk ölkəyə sanksiyaların tədbiqini nəzərdə tutan qərarın qəbulunu şiddətlə qınayırıq". 

Qeyd edilir ki, qanun layihəsi NATO ittifaqının ruhuna uyğun deyil və oktyabrın 17-də ABŞ administrasiyası ilə Suriya üzrə nail olunmuş razılaşmaya ziddir.

"Barış pınarı" əməliyyatı oktyabrın 9-da başlamışdı. Məqsəd Türkiyənin sərhəddində terror dəhlizinin yaradılmasının qarşısını almaq, suriyalıları yaradılacaq təhlükəsiz zonaya köçürmək idi. Lakin əməliyyatdan bir neçə gün sonra ABŞ-la danışıqlar baş tutub. ABŞ terrorçuların təhlükəsiz zonadan çıxarılacağını bildirib. Əməliyyat dayandırıldıqdan sonra Donald Tramp Türkiyəyə qarşı sanksiyaların ləğv edildiyini açıqlamışdı. 

XİN başçısı Mövlud Çavuşoğlu da "Twitter" səhifəsində yazdığı açıqlamasında adıçəkilən əməliyyatla böyük oyunu pozduqlarını deyib. "Layihələri iflas edənlər də rəflərdəki köhnə layihələrinə əl atıblar. Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Tarixi siyasətə alət edənlərin bu utanc verici qərarı hökumətimiz və xalqımız üçün "yox" hökmündədir". 

Xatırladaq ki, qondarma soyqırımı ilə bağlı məsələ 2010-cu ildə də gündəmə gəlmişdi. Lakin Türkiyənin sərt reaksiyasından sonra o vaxtkı prezident Barak Obamanın müdaxiləsi nəticəsində layihə təsdiqlənməmişdi.

Prezidentin sözcüsü İbrahim Kalın da Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında layihəsi ilə tarixin siyasi oyunların alətinə çevrildiyini deyib və bunun utancverici olduğunu vurğulayıb.

"Türkiyəni soyqırımında ittiham edənlər ilk öncə öz tarixlərinə, dəstəklədikləri ASALA və PKK-nın terror təşkolatlarının qanlı keçmişinə baxsınlar".