Litvalı jurnalist aprel savaşından və Cocuq Mərcanlıdan yazdı

30 Oktyabr, 2017 10:05 | Siyasət | Baxış sayı: 119
Cocuq Mərcanlı
Cocuq Mərcanlı

“Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq”

"Siz litvalıların Vilnüsü geri alarkən keçirdikləri sevinc hissləri haqqında hekayələri eşitmisinizmi? Azərbaycan və Ermənistanın azərbaycanlıların bu yaxınlarda geri aldığı cəbhə xəttində olmuş “Lietuvos žinios” komandası da insanların eynilə həmin emosiyalarını görüb. İyirmi ildən çox keçdikdən sonra azərbaycanlı ailələri doğma evlərinə qayıdıblar".  Aydanas Praleyka Litvanın “Lietuvos žinios” qəzetinin “Xüsusi olaraq Azərbaycandan” rubrikasında “Unudulmuş Qarabağ müharibəsi: “Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq” başlıqlı yazı dərc edib. 

"24 il. Cocuq Mərcanlı kəndindən olan azərbaycanlılar doğma evlərinə qayıtmaq üçün bu qədər gözlədilər. 1988-1993-cü illərin Dağlıq Qarabağ müharibəsindən əvvəl Cocuq Mərcanlı kəndinin yerləşdiyi Cəbrayıl rayonunda 52 min nəfərdən çox əhali yaşayırdı. Bu il Cocuq Mərcanlıya 50 ailə qayıtdı.

Hər ailə üçün dövlət hesabına eynitipli ev tikilib və kiçik torpaq sahəsi ayrılıb. “Lietuvos žinios” komandası buraya gələndə həyat burada artıq gündəlik məişət problemləri məcrasında gedirdi – adamlar administrasiya binasının qarşısında toplaşaraq qəsəbənin boş sahələrindən daha yaxşı istifadə etmək məsələsini müzakirə edirdilər. Məktəb işləyir və Şuşa şəhərindəki (Qarabağ) məscidin tam bənzəri olan məscid tikilib.

Hazırda Dağlıq Qarabağ ermənilərin nəzarəti altındadır. Azərbaycanlıların dediyinə görə, işğal edilmiş ərazilərdə bir dənə də fəaliyyət göstərən məscid qalmayıb.

Hazırda İran sərhədi və münaqişə xətti arasında yerləşən Cocuq Mərcanlı kəndini Ermənistan tərəfi 1993-cü ildə işğal edib. O zaman buradakı 283 təsərrüfatda 1075 nəfər yaşayırdı. Həmin ilin dekabrında azərbaycanlılar “Horadiz” əks-hücumuna keçəndə və Cocuq Mərcanlı kəndini geri alanda burada artıq bircə dənə də salamat bina qalmamışdı.

O vaxt qəsəbə geri alınsa da, insanlar buraya qayıda bilmədilər - ətraf yüksəkliklərə Ermənistan silahlı qüvvələri nəzarət edirdi. Cocuq Mərcanlı da cəbhə yaxınlığındakı digər kəndlər kimi, mütəmadi olaraq artilleriya və ya snayper atəşinə məruz qalırdı.

2016-cı ilin yazında cəbhə xəttində atışmalar daha da intensivləşəndə Azərbaycan Silahlı Qüvvələri “Lələtəpə” (Cocuq Mərcanlı yaxınlığındakı yüksəklik belə adlanır) əməliyyatını keçirdilər və Ermənistan qüvvələrini Cocuq Mərcanlı kəndinə birbaşa təhlükə yarada bilməyəcək məsafəyə qədər sıxışdırdılar. Düşmən, həmçinin Füzuli rayonunun bir neçə yaşayış məntəqəsindən uzaqlaşdırılıb.

“Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq”. “Lietuvos žinios” komandası bu sözləri təkcə azərbaycanlı hərbçilərdən deyil, həm də dinc sakinlərdən dəfələrlə eşitdi".

Cocuq Mərcanlı kəndi
Cocuq Mərcanlı kəndi
Cocuq Mərcanlıda məktəblilər
Cocuq Mərcanlıda məktəblilər
Kənd məscidi
Kənd məscidi
Azərbaycan hərbçiləri
Azərbaycan hərbçiləri
Azərbaycan əsgəri səngərdə
Azərbaycan əsgəri səngərdə
Səngər
Səngər