Ermənilər təlaşda: Ərdoğan Qarabağı qaytarır

30 Oktyabr, 2017 11:35 | Siyasət | Baxış sayı: 6191
Türkiyə tankları
Türkiyə tankları

Türkiyə liderinin Bakı səfəri İrəvanda ciddi qorxu doğurub

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi ilə bağlı Azərbaycan paytaxtına bu günə nəzərdə tutulmuş səfəri Ermənistanda ciddi narahatlıq doğrub.

İstiPress-in məlumatına görə, müxtəlif düşərgələri təmsil edən erməni şərhçiləri və ya ermənipərəst şərhçilər hətta Ərdoğanın Bakıya səfərinin əleyhinə çıxırlar və bunun Qarabağ məsələsi ilə əlaqələndirirlər.

Məsələn, bu axşam “Sputnik Armeniya” portalında səfərlə bağlı məqalə dərc etdirmiş erməni şərhçi Arman Vaneskeqyan Türkiyənin Qarabağ məsələsinə qarışmaq istəyinə Moskva və Tehranın sərt reaksiya verdiyini iddia edib:

“Kreml də, Tehran da buna yetərincə sərt reaksiya verirlər, xüsusi qeyd edirlər ki, onlar hər ikisi münaqişə regionunda ciddi geosiyasi marağa malikdirlər, hətta nəzəri cəhətdən prosesə üçüncü qüvvənin müdaxiləsinə imkan vermirlər”.

Təbii ki, Türkiyənin münaqişə regionu üçüncü qüvvə sayılması Arman Vaneskeqyanın kəşfidir - Rusiya, Türkiyə və İran münaqişə zonasına coğrafi baxımdan eyni məsafadə dayanıblar, onlardan hansısa birini üçüncü qüvvə saymaq sadəcə absurddur.  

Rusiyada  fəaliyyət göstərən ermənipərəst “Regnum” portalının şərhçisi Stanislav Tarasov isə Türkiyənin Azərbaycanın siyasətinin girovuna çevrildiyini iddia edir. O qeyd edir ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlayıb. Müəllif bildirir ki. Ermənistan işğal etdiyi hansısa bir rayonu qaytarmasa, sərhədlər açılmayacaq. Lakin Tarasovu fikrincə, Türkiyə işğal faktını qulaqardına vurmalıdır və Ermənistanla sərhəddi açmalıdır.

Aydın görsənir ki, erməni şərhçilərin və ermənipərəst şərhçilərin böyük əksəriyyəti beynəlxalq hüququ, xüsusilə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən Helsinki prinsiplərini qəbul etmirlər. Avropa  Birliyi üzvlərinin separatçı Kataloniya rejiminə qarşı sərt davranışı, həmçinin İraq Kürdüstanın müstəqillik elanının uğursuz məğlubiyyətlə nəticələnməsi Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq xülyalarının üstündən xətt çəkir. Buna görə onlar Azərbaycanın təklənməsinə çalışırlar. 

Rəcəb Tayyib Ərdoğan və Nursultan Nazarbayev Astanada
Rəcəb Tayyib Ərdoğan və Nursultan Nazarbayev Astanada

Bu baxımdan Bakıda  BTQ-nin açılışı ilə bağlı bu gün nəzərdə tutulmuş mərasimə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin gəlməsi də Ermənistan hakimiyyətini ciddi narahat edir. Sirr deyil ki, Nazarbayev həm Avrasiya İttifaqının, həm də Türk Dünyasının ağsaqqalı sayılır. Türkiyə - Rusiya münasibətlərinin kəskinləşdiyi dönəmdə Moskva ilə Ankaranın müharibə variantına əl atmaması və daha sonra barışması məhz Nazarbayevin səyləri nəticəsində baş tutub.

İndi bu əmkdaşlıq dərinləşə bilər - ABŞ sanksiyalarının sərtləşməsinə rəğmən Türkiyənin Rusiyadan S- 400 raketlərinin almaq niyyəti bu münasibətlərin dərinləşməsində xəbər verir. Ümumiyyətlə, Türkiyə Rusiyadan hər il 18 milyard dollarlıq mal alır, S-400 kimi anlaşmalar bu rəqəmi 20 milyard dolların üzərinə çıxara bilər. Təbii ki, Ankara bunun müqabilində Rusiyadan Qarabağ məsələsində mövqeyini yumşaltmağı tələb edə bilər. İki ölkənin 1021-ci ilin oktyabr ayında bağladığı Qars müqaviləsi bunun örnəyidir. Onda Moskva erməni iddialarını nəzərə almadan Türkiyəyə dəstək vermişdi.  

Moskva Azərbaycana qarşı mövqeyini mülayimləşdirərək, məsələn, Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusunun çıxarılmasına razılıq verə bilər. Həmin müddət ərzində aralıq status vermiş Dağlıq Qarabağa qaçqınlar qaytarıla bilər və ən sonda keçmiş muxtar vilayətdə Azərbaycanı tam suverenliyi bərpa oluna bilər.

Ermənistan  rəhbərliyini qorxudan məhz bu variantdır, buna görə də hər cür vəchlə  bu yaxınlaşmanın baş tutmasını istəmirlər.  Yəni məsələ təkcə dəmir yolunda deyil.

Çingiz Rüstəmov / İstiPress