Müharibə anonsu - paraddan sonra ermənilərə son xəbərdarlıq

30 İyun, 2018 12:31 | Siyasət | Baxış sayı: 789
Zakir Həsənov cəbhədə
Zakir Həsənov cəbhədə

"Düşmən Ordumuzun silahının gücünü üzərində hiss edəcək”

“Münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır. Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə, düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də Ordumuzun silahının gücünü öz üzərində hiss edəcək”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə belə deyib. 

Cəbhədəki mövcud vəziyyətə toxunan müdafiə naziri qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Nazir torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını deyib.

Müşavirədə müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları bir daha təbrik edən Müdafiə naziri hərbi paradda iştirak etmiş şəxsi heyətin, eləcə də döyüş texnikası və aviasiya vasitələrinin heyətlərinin hazırlığını yüksək qiymətləndirib. 

 

İyulun 2-dən 6-dək cəbhə bölgəsində keçiriləcək genişmiqyaslı təlimlərə toxunan müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Nazir qeyd edib ki, təlimlərdə əsas diqqət işğal olunmuş ərazilərin azad edilməsinin müxtəlif ssenariləri üzrə qoşunların tətbiqi və müvafiq döyüş tapşırıqlarının icrası, o cümlədən düşmənin bütün hərbi infrastrukturunun məhv edilməsi üçün nəzərdə tutulan ən müasir silah və hərbi texnikanın praktiki tətbiqinə yönəldilməlidir.