Ramiz Mehdiyevin saytı istifadəyə verildi

30 May, 2018 16:54 | Siyasət | Baxış sayı: 227
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib.

İstiPress-in məlumatına görə, elektron layihə beş fəsildən ibarətdir. “Bioqrafiya” adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.

Layihənin “Xronologiya” adlanan ikinci fəslində Ramiz Mehdiyevin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb.

R. Mehdiyevin kitablarının elektron versiyaları “E-Kitablar” fəslində istifadəçilərə təqdim edilir. 

Layihənin dördüncü fəsli “E-Məqalələr” adlanır. Bu fəslin “Elmi məqalələr” adlanan bölməsində akademik Ramiz Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.

Elektron kitabxananın sonuncu fəsli olan “Biblioqrafiya” fəslinin “Əsərləri” adlanan bölməsində Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. 

http://ramizmehdiyev.preslib.az/ domenində yerləşdirilən elektron kitabxananın materialları müntəzəm olaraq yenilənəcək.