Rusiya Paşinyanın Qarabağ istəyindən niyə qorxur?

30 Aprel, 2018 14:15 | Siyasət | Baxış sayı: 865
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında

Moskvada başlamış narahatlıq böyüyür

Paşinyanın siyasəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törədəcək.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Vzqlyad” qəzeti Nikol Paşiyanın mayın 1-də keçiriləcək seçkilərdə Ermənistan baş nazirliyinə yeganə namizəd olmasına həsr etdiyi məqaləsində bildirir.

Rusiyalı politoloq Aleksey Martınov qəzetə verdiyi müsahibəsində Paşinyanı və yoldaşlarını “provakator” adlandırıb. Onu hakimiyyəti zorla ələ keçirmək niyyətində günahlandıran Martınov bildirib ki, Paşinyanın başladığı hərəkat ordunun bölünməsinə da təsir göstərəcək və qarşı tərəf, yəni Azərbaycan  “hökmən bu vəziyyətdən” istifadə edəcək.  

“Qoşunların təmas xəttində ağır texnika yığılır: tanklar, artilleriya. Açıq aydın münaqişənin hərb yolu ilə həllinə hazırlıq gedir. Yeri gəlmişkən, Paşinyan Qarabağ barədə, qonşu Azərbaycanla mümkün sülh reseptləri barədə heç nə deməyib”, - deyə Aleksey Martınov bildirib.

Açıq görünür ki, rus politoloq Paşinyanın Qarabağ münaqişəsinin Moskvanın patronajlığı altında həllinə mane olacağından qorxur. Ümumiyyətlə, Ermənistanda etiraz mitinqləri başlayan kimi Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanat verərək, İrəvanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, rəsmi Bakının Qarabağ danışıqlarını davam etdirməyə meylli olduğunu bəyan etməsi Rusiyada bu cür dairələri narahat etməyə başalyıb. Rusiyanın ermənipərəst “Regnum” portalının analitiki Stanislav Tarasov hətta iddia edirdi ki, rəsmi Bakı kimin hakimiyyətə gələcəyindən əmindir, ona görə bu bəyanatı verib.

Paşinyan ermənilərin Rusiya üzərində qələbə saydığı 29 aprel mitinqində çıxış edir
Paşinyan ermənilərin Rusiya üzərində qələbə saydığı 29 aprel mitinqində çıxış edir

Paşinyan isə, təbii ki, bu cür iddialarla razılaşmır və Gümrüdə Qarabağın Ermənistanın nəzarətində qalmasının xatirinə nə KTMT-dən çıxmaycağını, nə də 102-ci Rusiya hərbi bazasını Ermənistandan çıxarmayacağını bildirib.  O hətta iddia edib ki, baş nazir seçilən kimi il kişi döyüş bölgəsinə gedib vəziyyətlə tanış olmaq olacaq.

Lakin Rusiya ekspertləri heç də bu məsələdə nikbin deyillər. Onların fikrincə, ordu əsasən Qarabağ klanına aid generalların nəzarətindədir. Nikol Paşinyan baş nazir seçilərsə, istər-istəməz, müdafiə nazirini də, bu generalları da işdən çıxarıcaq, bəzilərini korrupsiyaya görə həbsxanaya saldıracaq. Təbii ki, ordunun qarabağlı rəhbərləri bununla barışmaq istəməyəcək və qarşıdurma baş verəcək.  Bu qorxu o qədər ciddidir ki, hətta Ermənistan prezidenti Armen Sarkisyan da hərbçilərə müraciət edərək  qoşunların təmas xəttində  təxribatdan qaçmağa çağırıb.

Qarabağ klanının ən böyük qorxusu isə Nikol Paşinyanın barışıq üçün heç bir vasitəçi olmadan birbaşa Azərbaycanla danışıqlara başlamaq istəyi ilə bağlı ola bilər. Təbii ki, Azərbaycan tərəfi  Xocalı cəlladlarının cəzalandırılmasını tələb edə bilər ki, bu, Serc Sarkisyanın və Qarabağ klanının digər üzvlərinin cəzalandırılması deməkdir.  Generallar məhz bu baxımdan etirazçılara tabe olmaq istəməyəcəklər və Bako Saakyanın ətrafında birləşərək Ermənistanı bölməyə çalışa bilərlər.  Bu variant həm də Moskvanın Qarabağ həllindən uzaqlaşdırılması demək olacaq.