Prezidentin köməkçisi od püskürdü

30 Aprel, 2018 09:50 | Siyasət | Baxış sayı: 327
Əli Həsənov
Əli Həsənov

"Hansı oteldə hansısa hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə..."

"Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar". Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində AŞPA-nın Azərbaycanla bağlı “hesabat”ı haqqında statusunda bildirib.

"Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir “seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük.

Məhz belə bir məqamda anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır.

Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də müsbət yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.

Ermənipərəst “People in Need”, eləcə də “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan “Carnegie Corporation”un rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün “Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə “yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır?

Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik.  İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?".

Xatırladaq ki, bir neçə gün öncə AŞ AŞPA-da korrupsiya ittihamları ilə bağlı hesabatını yayıb. Hesabatın “AŞPA tərəfindən qəbul edilən hədiyyələr” bölməsində bildirilir ki, Avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı Bakıda cinsi xidmətlər də təklif olunub. İddiaya görə, keçmiş AŞPA prezidenti Lord Russell – Johnston Ermənistan və Gürcüstandan sonra Azərbaycana səfər edəndə Bakıda qaldığı syut otel otagının hədiyyələrlə dolu olduğunu görüb. 2014-cü ildə cənab Debono Qrexə içi xalçalarla dolu olan böyük çantalar veriblər. İsveçrədən xanım Doris Fiala mediaya açıqlama verib ki, ona brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı hədiyyə olunub, amma o, bu hədiyyəni AŞPA-dakı Azərbaycan nümayəndə heyyətinə qaytarıb.

Lüksemburqdan cənab Yves Cruchten deyb ki, o, Avropada QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hesabat üzərində işləyərkən Azərbaycanın lobbiçiləri yaxınlaşaraq ona Azərbaycanda yaxşı qara kürü və qızların olduğunu deyiblər.

İşveçrədən Dick Martynin dediyinə görə, Bakıya rəsmi səfərlərindən birində gecə saat 1 radələrində kimsə onun otel otağının qapısını döyüb. Qapının gözlüyündən baxanda əllərində şampan olan yarıçılpaq iki qız görüb. O qapını açmadığını bildirib.