Ermənilərlə əlbəyaxa döyüşdə şəhid olmuş qəhrəmana yas keçirildi

29 Dekabr, 2017 19:08 | Siyasət | Baxış sayı: 684
Milli Qəhrəman Çingiz Qurbanovun il mərasimi
Milli Qəhrəman Çingiz Qurbanovun il mərasimi

Bu gün Qusarda Azərbaycanın Milli Qəhrəmanı, düz bir il bundan ermənilərlə əlbəyaxa döyüşdə şəhid olmuş Çingiz Qurbanovun il mərasimi keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Qusardakı hərbi hissənin hərbçiləri iştirak edib.

Əvvəlcə Qusar Şəhidlər Xiyabanında Çingiz Qurbanovun məzarı ziyarət olunub, Qəbrin önünə əklil və gül dəstələri düzülüb. Keçirilən təntənəli mitinqdə Çingiz Qurbanovun təmas xəttində düşmənə baş əyməyərək xüsusi şücaət göstərməsindən, bu zaman meyitinin 40 günə yaxın erməni əsirliyində qalmasından ətraflı danışılıb.

Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbanı gələn il 100 illiyi tamam olacaq Azərbaycan Silahlı Qüvvələrinin tarixində ilk dəfə Çingizin xatirəsinə xidmət etdiyi hərbi hissədə döyüş postu yaradıldığını, atası Salman Qurbanovun bu postda olduğunu, hər dəfə şəxsi heyət düzüləndə ilk olaraq Çingiz Qurbanovun adının çəkildiyini xüsusi vurğulayıb.

Qusarın icra başçısı Şair Alxasov Çingizin öz igidliyi ilə adının Azərbaycanın hərb tarixinə xüsusi olaraq həkk etdiyini, onun şücaətinin Azərbaycan gəncliyinə gözəl nümunə olduğunu söyləyib.

Müdafiə Nazirliyinin idarə rəisi, general Rasim Əliyev Çingiz Qurbanovu həmişəyaşar adlandırıb. Onun sözlərinə görə, Çingiz kimi igid oğullarımız cismanı olaraq həyatda olmasalar da, amma əbədiyaşardırlar, ölməzdirlər. Çingizin atası Salman Qurbanov göstərilən diqqətə görə, Ali Baş Komandan İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova, Qusar icra başçısı Şair Alxasova ailəsinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib, düşmən tapdağı altında inləyən torpaqlarımızın Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz tərəfindən tezliklə geri alınacağına ümidvar olduğunu deyib.

Sonra Qusar şəhərində Çingiz Qurbanovun adını daşıyan mərkəzi küçədə onun xatirə guşəsi də ziyarət edilib. Mərasimin sonunda isə Çingiz Qurbanovun şəkilləri ilə bəzədilmiş ictimai-iaşə müəssisələrindən birində Milli Qəhrəmanın ruhuna dualar oxunub və ehsan verilib.

Milli Qəhrəman Çingiz Qurbanovun il mərasimi