Azərbaycanla döyüşə hazırlaşan erməni mafiyası

29 Dekabr, 2017 15:15 | Siyasət | Baxış sayı: 928
Armata - mafiya Ermənistanın bu tanklarla təchizinə çalışa bilər
Armata - mafiya Ermənistanın bu tanklarla təchizinə çalışa bilər

Rəsmi Bakı iki cəbhədə savaşa hazır olmalıdır

Ermənistan hakimiyyəti Ded Xasan qruplaşmasının məşhur üzvü, adı ABŞ maliyyə nazirliyi tərəfindən qara siyahıya salınmış “Robson” ləqəbli “qanuni oğru” Ruben Tatulyanı İrəvana dəvət edib.

İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Jamanak" qəzeti yazır ki, Soçidə anadan olmuş və hazırda cinayət aləmində “Soçinin nəzarətçisi” kimi tanınan Ruben Tatulyana Ermənistanın diplomatik pasportu verilib və bu, ona dövlət sərhədlərini rahat keçməyə imkan verir.

"Jamanak"ın yazdığına görə, Robsonu İrəvana baş nazir Karen Karapetyan dəvət edib, Robson onun yaratdığı erməni iş adamları klubunun üzvüdür. “Belə çıxır ki, Karen Karapetyan Ermənistan iqtisadiyyatını Tatulyan kimi kriminal avtoritetlərin hesabına bərpa eləmək istəyir”,- deyə “Jamanak” bildirir. 

"Qraparak" qəzeti isə yazır ki, Ermənistan hakimiyyəti hələ də bu “qanuni oğru”ya diplomatik pasport verilməsinin səbəblərini izah edə bilmir.

Əslində, səbəb aydındır və bu, Ermənistanın indiki hakimiyyətinin mafiya ilə ilk əlaqəsi deyil. Erməni KİV-lərinin yazdığına görə, Serj Sarkisyan özü məhz Robsonun keçmiş şefi Ded Xasanla (Aslan Usoyan) əlaqələri nəticəsində Ermənistan müdafiə naziri təyin edilib. Milliyyətcə yəzdi kürdü olan Ded Xasanın türklərə və azərbaycanlılara nifrəti bütün dünyaya məlumdur. İtaliyanın “Corriere della Sera” qəzetinin yazdığına görə. Ded Xasan öldürülənə  qədər Türkiyənin və türklərin əsas düşməni olan PKK terror təşkilatının əsas maliyyəçilərindən və silah təchizatçılarından olub.

Serj sarkisyan Rusiya kiminal dünyasının şefi Ded Xasanla bir masa arxasında

Erməni bloger Arstruni Avetsiyan şəbəkəyə yerləşdirdiyi videoda Serj Sarkisyanın Ded Xasan və milliyətcə yəzdi kürdü olan “qanuni oğru” Razmik Amyoanla (Çako) görüşü təsvir edilib. Görüşün 28 may 1993-cü il tarixdə baş verdiyi bildirilir. Həmin vaxt Ded Xasanın Ermənistanı silahla  təmin etdiyi vurğulanır. Ola bilər ki, Rusiya hərbçilərinin, xüsusilə Horadiz və Sərsəng istiqamətində döyüşən rus desantçılarının da Çeçenistandan Qarabağa gətirilməsində onun rolu var.

Hər halda, Ded Xasanın rus mafiyasının və mafiyaya satılmış rus hərbçilərinin rolu olmasa idi, Azərbaycan 80 faizini nəzarətdə saxladığı Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu itirməzdi. Erməni KİV-lərinin yazdığına görə, Ded Xasan həmin görüşdən sonra 1993-cü ilin avqust ayında Serj Sarkisyanı Ermənistanın müdafiə naziri təyin etdirib və hətta 2008-ci ildə prezident təyin edilməsinə də nail olub.

Ded Xasanın Azərbaycanın şərəfli oğlu, mərhum Rövşən Lənkəranski tərəfindən öldürülməsi sirr deyil. 

Bu baxımdan rus mafiyasının yeni lideri - Ded Xasanın yaxın adamı Şakro (Zaxariy Kalaşov) Azərbaycanda qisas almaq və sələfi kimi Ermənistan dəstək vermək niyyətində ola bilər. Yəni Robsonun İrəvana səfəri heç də iqtisadi məsələlərlə bağlı kimi görünmür. Böyük ehtimalla, Ruben Tatulyan Serj Sarkisyanın özünə varis kimi seçdiyi yaxın dostu, baş nazir Karen Karapetyanın yerini möhkəmlətmək üçün Qarabağda müəyyən qələbələr bəxş etməyə çalışacaq. Bu, aprel döyüşlərində itirilmiş mövqelərin geri qaytarılması və yaxud yeni mövqelərin tutulması ilə də ola bilər.

Bu işə  Azərbaycanın içində Ded Xasana yaxın olan qruplaşmalar da yardım edə bilər. Robert Koçaryanın yaxın dostu, yollar Azərbaycanın nəzarəti altında olan zaman dağ cığırları ilə Ermənistandan Dağlıq Qarabağa silah daşınmasının əsas təşkilatçısı, 1994-cü ilə qədər Laçında oturmuş PKK təmsilçisi Vəkil Mustafayev Azərbaycanın başına hansı bəlalar açdığını sonradan özü xatirələrində etiraf edib. Buna görə, Azərbaycanın Müdafiə Nazirliyi ilə yanaşı Dövlət Təhlükəsizlik Xidməti də sayıq olmalıdır. Çünki Azərbaycan özünü iki cəbhədə müdafiə etməli olacaq.