Erməni kəşfiyyatçılarının Azərbaycana hücum planı

29 Dekabr, 2016 17:41 | Siyasət | Baxış sayı: 400
Cəbhə bölgəsi. Arxiv
Cəbhə bölgəsi. Arxiv

"Bordyujanın sərhəddə baş vermiş insidenti Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf doğurur"

"Bugünkü provokasiya rəsmi İrəvanın əvvəlcədən hazırladığı plandır".

İstiPress-in məlumatına görə, bunu hərbi ekspert, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov deyib.

Ç.Məmmədov qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi Yerevan bugünkü provokasiyanı törədib:

"Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir".

Hərbi ekspert əlavə edib ki, Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür.

Çingiz Məmmədov - General-leytenant
Çingiz Məmmədov - General-leytenant

Xatırladaq ki, Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib ki, Ermənistanın Çinari kəndində silahlı insidentin baş verməsi KTMT katibliyində həyəcanla qarşılanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Müdafiə Nazirliyi bildirir ki, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.