Prezident və xanımı istirahət gününü Qaxda keçirdi FOTOLAR

29 Oktyabr, 2018 09:53 | Siyasət | Baxış sayı: 105
Qaxda açılış
Qaxda açılış

İlham Əliyev və Mehriban Əliyeva rayonda bir sıra açılışlar ediblər

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfər ediblər. Onlar ilk olaraq ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Səfər çərcivəsində onlar Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər. Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verib.

Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə Stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.

Dövlət başçısı və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib.

Daha sonra Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq. Yolun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir.

Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Dövlət başçısı xanımı ilə birlikdə “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında da iştirak ediblər. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri meliorativ tədbirlər görülüb. Buraya dövlət vəsaiti hesabına 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb.

Sonra prezident aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxıb. Aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib.

Qaxda həmçinin ötən gün “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının da açılışı olub. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib.

Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılıb. Eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcək. “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.