Prezident Şəkidə "ASAN Həyat" və ABAD-ı açdı FOTOLAR

29 Oktyabr, 2018 13:48 | Siyasət | Baxış sayı: 144
ABAD
ABAD

Kompleks regionda yaşayan yarım milyondan çox insana xidmət göstərəcək

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.

“ASAN xidmət”in tabeliyində olan “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. 

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat veriblər ki, “ABAD” publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.

Bir sözlə, mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək.

Bu gün həmçinin Şəki “ASAN Həyat” kompleksinin açılışı d aolub. Dövlət başçısı Şəki “ASAN Həyat” kompleksini işə salıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Bildirildi ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki “ASAN Həyat” kompleksində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 190, könüllülərin sayı isə 50 nəfərdir. Şəki “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Şəki “ASAN Həyat” kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb.

ASAN Həyat
ASAN Həyat