Prezident və xanımı Şəkidə YENİLƏNİB III, FOTOLAR

29 Oktyabr, 2018 13:58 | Siyasət | Baxış sayı: 237
Uşaq evi
Uşaq evi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi açıldı

Şəkidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışı olub. Açılışda prezident İlham Əliyev və birinci xanım mehriban Əliyeva da iştirak edib. 

Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışıq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.

Binanın layihələndirilməsi zamanı uşaq evində məskunlaşacaq uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili baxımından infrastrukturun qurulması əsas götürülüb. Eyni zamanda, tikinti prosesində Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə ki, binanın fasadı və hasar Şəki şəhərinin memarlıq üslubuna uyğun olaraq üzlük daşlarla üzlənib.

Bildirildi ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və çamaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.

Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.

Saat 11:01

Şəkidə səfərdə olan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.

Yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması prezidentin sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir.

Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq.

Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi.

Kiş yolu
Kiş yolu
Şəkidə körpü
Şəkidə körpü

Saat 10:33

Şəkidə səfərdə olan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər. Muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq işləri aparılıb. 

Bayraq Muzeyinin inşasına 2018-cı ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Muzeyin eskponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə adi konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

Bu gün adıçəkilən rayonda həmçinin Heydər Əliyev Mərkəzinin açılışı da baş tutub.  Şəkidə orijinal layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. 

Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.

Dövlət başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.

Saat 09:58

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəki şəhərinə səfəri başlayıb. Prezident və xanımı ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Xatırladaq ki, dövlət başçısı ötən gün Qax rayonunda olub. Rayonda bir sıra müəssisələrin açılışı olub.