Seyfulla Mustafayev qardaşından danışdı FOTOLAR

29 Avqust, 2017 07:15 | Siyasət | Baxış sayı: 654
Seyfulla Mustafayev - Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı
Seyfulla Mustafayev - Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı

Avqustun 29-da Milli Qəhrəman, telereportyor Çingiz Mustafayevin doğum günüdür

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günündən 57 il ötür. Azərbaycanın haqq səsini dünyaya çatdırarkən şəhid olmuş bu Vətən övladının qardaşı Seyfulla Mustafayev İstiPress-ə müsahibəsində onun qəhrəmanlıq zirvəsinə yüksəliş yolundan danışıb.   

- Azərbaycan müstəqilliyni qazananda və müharibə yeni başlayanda siz üç qardaş hərəniz fərqli sənətlə məşğul idiniz. Siz tarixçi idiniz, Çingiz həkim idi, kiçik qardaşınız Vahid isə bizneslə məşğul idi. Necə oldu ki, birdən birə üçünüz də jurnalistika ilə məşğul olmağa başladınız?

- Bunun cavabı çox sadədir. O vaxt heç kim bu işlə məşğul olmurdu. Sonradan bunun adını informasiya müharibəsi qoydular. O vaxt Moskvada mərkəzi KİV-də birtərəfli informasiyalar gedirdi. Böhran idi, köhnə sovet jurnalistləri bir iş görə bilmirdilər. Onlar bunu istəyirdilər, amma bacarmırdılar. Çünki xarici agentliklərə çıxışları yox idi. Onların üslubu bir qədər köhnə idi, müasir zamana  yaramırdı.  Biz gördük ki, burda boşluq var, on görə məşğul olmağa başladıq.

- Amma nədənsə siz üç qardaş bir yerdə çalışmadınız. Çingiz Mustafayev “215 KL”lə işlədi, siz “ANS”i yaratdınız.

- Çingiz müstəqil adam idi, öz yolu ilə gedirdi. Qardaş olmağımızın işə dəxli yox idi. Bəzi vaxtlarda biz hətta rəqib də olurduq.

- Uşaqlıqda münasibətləriniz necə idi?

- Mehriban idik. Düzdür, biz Çingizi az görürdük, uşaqlıqdan onu Naxçıvanski adına hərbi məktəbə verdilər. Bir yerdə olmamışıq, o bizdən ayrı olub. Məktəbdən ayrılandan sonra da çox işgüzar adam idi, səhər gedib, axşam gəlirdi. O qədər də ünsiyyətdə olmurduq. Həkim işləyəndə də elə idi. İnşaat İnstitutunun nəzdində sanatoriya-profilaktoriya vardı, oranın baş həkimi idi.

- Amma məncə, Çingiz Mustafayevin həyatının ən önəmli səhifəsi Xocalını çəkməsidir. Mənə elə gəlir ki, ona Milli Qəhrəman adı elə Xocalı soyqırımından dərhal sonra verilməli idi, amma nəsə ləngidi. Hər halda, ermənilərin informasiya blokadasını ilk yaran, soyqırım barədə xəbəri dünyaya ilk çatdıran jurnalist o olmuşdu. Ümumiyyətlə, Xocalı hadisəsi ona necə təsir etmişdi?

-  Bir şeyi demək lazımdır ki, Çingiz həyatında jurnalistika ilə cəmi 8 ay məşğul olub. 1991-ci ilin avqust ayında başladı və 1992-ci ilin iyun ayında ermənilər onu vurdular. Xocalı hadisəsi baş verəndə onun övladı dünyaya gəlmişdi; Fuad təzəcə doğulmuşdu. Ona görə beynindən çıxara bilmirdi. Deyirdi ki, Xocalı körpələrinin meyitlərinə baxanda hər yerdə Fuadı görürdüm. Hər adamın psixikası belə bir sınağa dözməzdi. Ona görə əsəbi idi. Gecələr pis yatırdı. 

Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını çəkərkən
Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını çəkərkən

- O, şəhid olanda siz daha çətin vəziyyətlə üzləşdiniz. Qardaşınız Vahid işlə bağlı Moskvada idi. Ona görə hava limanında meyiti siz qarşılmalı oldunuz. 

- Düzü, əvvəl inanmırdım. Xəbəri eşidən kimi getdik Zabrata. Oradan bizə helikopter verdilər, uçduq Ağdam istiqamətinə. Yolda qarşımıza helikopter çıxdı və bizə dedilər ki, meyiti gətirirlər. Geri dönməli olduq. Əvvəl inanmırdım, sonra tabutu açdım baxdım ki, odur. Ondan sonra Çingizin ölümünə uzun müddət inanmadım. Gözləyirdüm ki, indi gələcək. Vaxt keçdikcə barışırsan.

- Sizin rəhmətlik ananız Naxış xanım üçün də çətin olmalı idi. Hər halda, üç oğulu eyni vaxtda döyüş bölgəsinə göndərmək asan deyildi. Necə dözürdü buna? O vaxt çoxları övladlarını xaricə göndərməyə çalışırdı.

- Bir təhər dözürdü. Elə o həyəcanın nəticəsi oldu ki, biz onu itirdik.

- Çingizin şəhid olmasından sonra Qarabağa getməyinizə qarşı çıxmırdı ki?

- Onda bizim öz ailəmiz vardı, ayrı yaşayırdıq. Balaca uşaq deyildik ki, harasa gedəndə anamızdan icazə alaq. Həmişə iz azdırırdıq, düzünü demirdik ki, həyəcanlanmasın. Onu qorumaq üçün düzünü demirdik.

- Bəs Çingizin özü necə, oğlu Fuaddan ayrılmaq onunçün çətin deyildi? Adətən atalar yeni doğulmuş övladlarından ayrılmaq istəmirlər.

- Qarabağda aylarla qalmırdı ki… Burda yanımızdadır, maşınla dörd saatlıq yoldur. İki-üç gün orda olurdu. Uzun müddət qalmırdı. Xocalı vaxtı çox qaldı, beş günə qədər, Xocalını iki dəfə çəkdi. Ayın 27-si səhər, onda meyitlər hələ isti imiş. Bir də martın 2-də, onda xarici jurnalistlərlə getmişdi. Amma birinci dəfə tək getmişdi, əsgərlərlə.  

- Mən bir dəfə Çingiz haqda yazırdım, sizin böyüdüyünz həyətə getmişdim. Orda mənə dedilər ki, Çingiz elə uşaqlıqdan qeyri-adi idi. Məsələn, sovet təbliğatına baxmayaraq, Çingiz xanı özü üçün örnək sayırmış. Bəlkə, qardaşınızın belə böyüməsində türk millətçiliyinə görə repressiya qurbanı olmuş əminiz Çingiz Mustafayevin taleyinin rolu olub?

- Yox, yox. Əmimi bizdən gizlədirdilər. Atamın da, nənəmin də canında qorxu vardı. Hər şeyi gizlədirdilər. Pis vaxtlar idi. Yəni gənclər düz başa düşməzdi. Camaat hamısı uşaqlarını xoxanla qorxudanda, atam bizi "qara maşın"la qorxudurdu. Deyirdi ki, "qara maşın"la gəlib sizi apararlar. Uşaqlıqdan beynimizdə qalmışdı o "qara maşın". Əmimgilin gənclər təşkilatı barədə ilk dəfə 1989-cu ildə, ya 1990-da Ziya Bünyadov yazmışdı. Çingiz də mətbəədən gedib o qəzeti götürmüşdü, oxuya-oxuya piyada gəlmişdi evə. Onda o bilmişdi ki, əmisi kim olub və müstəqillik uğrunda mübrizəsinə görə kommunist recimi ona hansı əziyyətlər verib. Əmim iştirak edən Azərbaycan Türk Gənclər Təşkilatı barədə Ziya Bünyadov üç nömrə dalbadal çox böyük məqalələr yazmışdı, gizli təşkilat olub. Təşkilatın üzvləri üzvləri sütul uşaqlar olublar, işgəncəyə dözməyib hər şeyi boyunlarına alıblar. Çingiz çox qürur duyurdu ki, yalnız adını daşıdığı əmisi sınmayıb. Mənim əmim Çingiz Mustafayev yalnız 18 dəfə dindirmədən sonra nəsə cavab vermişdi. Uşaqlar gəlib yalvarmışdılar ki, Çingiz biz hər şeyi boynumuza almışıq, sən də yaz ki, bizi döyüb qırmasınlar. Amma heç nəyi etiraf etməyib, yazıb ki, mənim heç bir günahım yoxdur, heç bir iş görməmişəm. “Molodyoj Azerbaydjana” qəzetində çıxmışdı, redaktoru mərhum Nəcəf Nəcəfov idi. Mərhum akademik Ziya Bünyadov üç nömrə dalbadal məqalə çap etdirərək 1930-cu illərin sonlarında və 1940-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış bu gənclər təşilatı barədə yazmışdı. Nə baş verdiyini biz yalnız onda bildik. Ondan əvvəl isə yalnız repressiya olunması barədə bilirdik, çünki evdə 1956-cı ildə gəlmiş bəraət kağızı vardı. Yəqin nəsə edib ki, bəraət veriblər. Amma bu barədə evdə danışmırdılar. Çünki qorxu tüğyan edirdi. Düzdür, Brejnevin vaxtında hər şey məsxərə səviyyəsində idi, amma köhnə adamlarda  qorxu hələ də davam edirdi. 

Seyfulla Mustafayev müsahibə zamanı
Seyfulla Mustafayev müsahibə zamanı

- Sizin nəsil davam edir və oğullar böyüyür, elə Çingiz Mustafayevin oğlu Fuad da var. Onlara qardaşınız Çingiz Mustafayevin və əminiz Çingiz Mustafayevin həyat yolunu örnək kimi göstərirsinizmi? Azərbaycan gəncliyinə bu barədə məsləhətiniz nədir?

-  Bu məsələdə bir qədər məsləhət vermək çətindir, çünki hər şey fərdidir. Həm də elə bir resept, düstur yoxdur ki, axı insan onu yerinə yetirib vətənpərvər olsun. Elə deyil. Çingizə də əvvəllər qeyri-ciddi yanaşırdılar. Amma müharibə göstərdi ki, ən gözləmədiyin insan görünməmiş qəhrəmanlıqlar edə bilər. Bu fərdi məsələdir və mənə elə  gəlir ki. bu, həm də qan yaddaşı ilə keçir. Məsələn, bizə heç kim əmimi örnək göstərməmişdi, deməmişdilər ki, o qəhrəman olub. Amma Çingiz onun həyat yolunu təkrarladı.         

Çingiz Rüstəmov / İstiPress