Prezident və Birinci vitse-prezident fransalı nazirlə görüşdü

29 İyul, 2019 15:58 | Siyasət | Baxış sayı: 38

Brüno Lö Mer Bakıda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırdı. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğuladı. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulandı, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparıldı.

Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edildi.

Dövlətimizin başçısı Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer həmçinin iyulun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşü və aparılan müzakirələri xatırlayıb, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslandığını qeyd edib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İqtisadi əlaqələrin münasibətlərimizin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını deyib. Birinci vitse-prezident mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdırıb.

Mehriban Əliyeva Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparıldığını qeyd edib, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirib, özəl sektorun rolunun artırılmasının zərurliyinə toxunub, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu deyib. 

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəmizin regionda xüsusi mövqeyə malik olduğunu vurğulayıb. Brüno Lö Mer də ölkələrimizin iqtisadi əməkdaşlığının böyük potensialını qeyd edib, Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.