Hərbi liseylərdə təhsil müddəti dəyişdi - QƏRAR

29 İyun, 2018 08:20 | Siyasət | Baxış sayı: 273
Hərbi lisey məzunları
Hərbi lisey məzunları

Mülki işçilərin də işə qəbulu fərqli aparılacaq

Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin nizamnamələrində dəyişikliklər edilib. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, hər iki təhsil ocağında təhsil müddəti 3 ildən 2 ilə endirilib və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək.

Bundan əlavə, liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

Mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edəcək.

Xatırladaq ki, indiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər.