İlham Əliyev: "Ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular"

29 May, 2020 10:19 | Siyasət | Baxış sayı: 123
İlham Əliyev çıxış zamanı
İlham Əliyev çıxış zamanı

"Həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi".

İstiPress-in məlumatına görə, bu sözləri Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı bildirib. 

"Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan əvvəl - 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm qış aylarında, - o məşhur fotolar, videolar var, - həm də yaz aylarında. Orada - həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi",- deyə İlham Əliyev əlavə edib.

"Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni baş qaldırsın",- deyə Azərbaycan prezidenti vurğulayıb.