İlham Əliyev: "Danışıqlar öz yerində, ancaq indi dünyada güc amili ön plana çıxır"

29 May, 2020 11:18 | Siyasət | Baxış sayı: 132
Azərbaycan ordusuna məxsus "Dana" özügedən artilerriya qurğusu
Azərbaycan ordusuna məxsus "Dana" özügedən artilerriya qurğusu

"Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına." 

İstiPress-in məlumatına görə, bu sözləri Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı bildirib. 

"Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik",- deyə Prezident vurğulayıb. 

İlham Əliyevin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və Azərbaycan bu məsələni birdəfəlik və tam həll etməlidir: "Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik".