Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb

29 Aprel, 2020 11:43 | Siyasət | Baxış sayı: 68

"Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir. Müddətli hərbi qulluqçulara və digər kontingentə dövlət hesabına ərzaq payı verilir. Zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ərzaq payı və ya onların istəyinə uyğun olaraq pul kompensasiyası ödənilir".

İstiPress-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı deyib.

Onun sözlərinə görə, müvafiq normalara uyğun olaraq, Ərzaq Xidməti hər ilin sonunda növbəti il üçün sifarişlər hazırlayaraq Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə təqdim edir: "Sifarişlər hazırlanarkən normalara uyğun olaraq məhsulların çoxçeşidliliyinə diqqət yetirilir. Bunun nəticəsidir ki, hər il ərzaq anbarlarına 100 addan çox ərzaq daxil olur. Anbarlara ərzağın gətirilməsi və paylanması mərkəzləşmiş şəkildə aparılır. Ərzaq anbarına gətirilməli olan qidaların uyğunluq, gigiyena sertifikatları və əgər qida hər hansı xarici ölkədən gətirilirsə, onun radiasiya şüalanmasına qarşı aparılmış laborator sənədləri təminedici şirkətlər tərəfindən təqdim olunur. Gətirilən məhsullardan nümunələr Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasına təqdim olunur. Məhsulların keyfiyyəti laborator müayinələrlə tam yoxlanılır. Laboratoriya müsbət cavab verdikdən sonra ərzaq mərkəzi anbara, oradan da hərbi hissələrin təminatına göndərilir".

Xidmət rəisi pandemiya təhlükəsi ilə əlaqədar hərbi hissələrdə görülən qabaqlayıcı tədbirlərdən də söz açıb:

"Hərbi hissələrdə ərzaq təminatı ilə məşğul olan bütün şəxsi heyət müntəzəm olaraq yoxlamadan keçirilir və istifadə olunan mətbəx avadanlıqları, şəxsi heyətin qidalandığı bütün qablar xüsusi məhlullarla yuyulur, dezinfeksiya olunur. Təhlükəsizliyi və təmizliyi tam təmin etmək üçün hərbi hissələrdə komandirlər nəzarət qrupları yaradıb. Bu qruplar şəxsi heyətin yeməkxanaya girişi zamanı əllərini spirt tərkibli antiseptik vasitələrlə dezinfeksiya etməsinə, eləcə də digər proseslərə ciddi nəzarət edir".