Qarabağ veteranlarının evləri təmir ediləcək

29 Yanvar, 2020 16:53 | Siyasət | Baxış sayı: 136
Quba şəhəri
Quba şəhəri

Rəsmi müraciət cavabsız qalmayıb

Qubada iki Qarabağ müharibəsi veteranının illərlə yığılıb qalmış mənzil problemi rayonun daxili imkanları hesabına həll ediləcək.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Qəcərzeyid kəndində yaşayan Qarabağ müharibəsi veteranları İdris Hüseynovun və Mais Mahmudovun yerli İH-nə rəsmi müraciət etməsi cavabsız qalmayıb. Hər iki veteranın evlərinin tamamilə yararsız olması barədə müraciətinə Quba İH başçısı Ziyəddin Əliyev Qəcərzeyid kəndinə gəlib bərbad şəraitli evlərə baxış keçirməklə cavab verib.

Əvvəlcə İdris Hüseynovun köhnə evinə baxış keçirən Ziyəddin Əliyev çoxuşaqlı ailənin 6 uşağının fiziki qüsurlu olmasını biləndə, ailə başçısı İdris Hüseynovun imkansızlıqdan hətta kövrəldiyini görəndə "Sən  Vətənin çətin günündə torpağımızı qorumaqda iştirak etmisən. Bax, buna görə dövlət  də sənin yanındadır. Narahat olma. Bu köhnə, yararsız evi söküb yerində sizə gözəl bir ev tikəcəyik, açılışda gəlib çay da içəcəyik burda"- deyib.

Məlumat üçün bildirək ki, İdris Hüseynovun ailəsinin yaşadığı ev daşla hörülsə də bina uzun müddətdir yarımçıq qalıb. Qəcərzeyid kəndində  Qarabağ əlili  Mais Mahmudovun ailəsi də rayon rəhbərinini onların yanına gəlməsindən çox sevinib. Bu ailənin  yaşadığı evin isə əsaslı bərpa olunacağı barədə ailəyə xoş xəbər verilib.Verilən məlumata görə, iki Qarabağ müharibəsi iştirakçısının evləri rayonun daxili imkanları hesabına yenilənəcək.