Baş verənlər Qarabağda Azərbaycanın mövqeyini qətiləşdirəcək

28 Noyabr, 2019 16:31 | Siyasət | Baxış sayı: 698
Azərbaycan ordusunun mobil artileriya qurğuları
Azərbaycan ordusunun mobil artileriya qurğuları

Ekspertlər ölkədə cərəyan edən son hadisələr barədə...

Azərbaycanda baş verən proseslər, Prezident İlham Əliyevin son çıxışları göstərir ki, ölkə baş verən köklü islahatlar nəticəsində yeni mərhələyə qədər qoyur.

İstiPress-ə bu barədə açıqlamasında  politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə,  ölkənin siyasi elitası doğru olaraq bu məsələdə əsas diqqəti gənc nəslə yönəldib: “Azərbaycanın gələcəklə bağlı proqramlaşdırdığı quruculuq potensialı etibarlı əllərdə olmalıdır”,- deyə politoloq vurğulayıb.

Tofiq Abbasov - politoloq
Tofiq Abbasov - politoloq

Tofiq Abbasovun fikrincə, baş verənlər Azərbaycanın mövqeyini bütün saphələrdə, o cümlədən Qarabağ məsələsində də gücləndirəcək: “Qarabağda qələbə üçün üç əsas amil vacibdir: Birincisi, dövlət, onun iqtisadiyyatı güclənməlidir. İkincisi, ölkənin gələcəyi etibarlı əllərdə olmalıdır, yəni vətənpərvər, milli ənənələrə bağlı gənclər yetişdirilməlidir. Üçüncüsü isə, erməni faşizmini bütün dünyaya tanıtdırılaraq, diplomatik müstəvidə erməniləri məğlub etmək lazımdır. Deyim ki, sonuncu məqamla bağlı da çox işlər görülür. Məsələn, 1990-cı illərdə Rusiya parlamentində yalnız erməni lobbisi vardı və bütün qərarlar ermənilərin xeyrinə çıxarılırdı. Amma indi həmin parlamentdi Azərbaycan lobbisi var və Bakı ilə dostluğun Rusiya üçün çox vacib olduğunu ruslara çatdırırlar”,- deyə Tofiq Abbasov vurğulayır.

Üzeyir Cəfərov - hərbi ekspert
Üzeyir Cəfərov - hərbi ekspert

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə İstPress-ə bildirib ki, ölkədə aparılan islahatlar, ölkə başçısının son çıxışları göstərir ki, Azərbaycan Qarabağ məsələsində öz mövqeyini qətiləşdirəcək: “Düzdür, münaqişənin həllində vasitəçilik edən güclər ikili standartlar tətbiq edərək Azərbaycanla bağlı beynəlxalq hüquqdan yan keçməyə çalışırlar. Yaxın zamanlarda vasitəçi ölkələrdən birinin - Rusiyanın XİN başçısı da Bakıya gəlir. Amma son addımları göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağla bağlı mövqeyini daha da qətiləşdirəcək və işğalçı Ermənistan qoşununun Azərbaycan ərazisini tərk etməsi bağlı BMT qərarlarının icrasını tələb edəcək. Düşünürəm ki, biz ermənilərə maksimum gələn ilin ortalarına qədər möhlət verə bilərik”,- deyə Üzeyir Cəfərov vurğulayıb.