Ermənistan parlamentindəki qanlı terrorun il dönümü

28 Oktyabr, 2019 10:26 | Siyasət | Baxış sayı: 53
Ermənistan parlamenti - 27 oktyabr 1999-cu il
Ermənistan parlamenti - 27 oktyabr 1999-cu il

Ermənistanda əhalinin 99 faizi bu hadisələrin açıqlanmadığına inanır

Ermənistan parlamentindəki qanlı terrordan 20 il keçir. 

İstiPress-in məlumatına görə, 1999-cu il oktyabrın 27-də Ermənistan Respublikası Milli Məclisinə terror hücumu nəticəsində parlament spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan və digər 6 dövlət xadimi və deputatı öldürülmüşdü. Həmçinin 8 nəfər yaralanmış, 91 nəfər girov götürülmüşdü.

Terror qruplaşması 91 nəfəri, əsasən deputatları ələ keçirmişdi. Çıxışları dinləyən jurnalistlər də girov götürülmüşdülər, lakin sonradan terrorçular onları sərbəst buraxmışdılar. Bir müddət sonra yaralı millət vəkilləri və hökumət üzvləri də sərbəst buraxılmışdı.

Terroristlər – Nairi Hunanyan, Karen Hunanyan, Vram Qalstyan, Derenik Bejanyan, Eduard Qriqoryan təslim olduqdan sonra, qalan şəxslər oktyabr 28-də səhər saatlarında sərbəst buraxılmışdılar.

Rəsmi versiyaya görə, dəstənin lideri Nairi Hunanyan öz təşəbbüsü ilə əməliyyatı təşkil etmiş, plan qurmuş, sonra isə silah və Milli Məclisə giriş vəsiqəsi ilə təmin etdiyi tərəfdarlarını ətrafına toplamışdı.

2013-cü ildə “Wikileaks” ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Ordveyin 2001-2004-cü illərdə 27 oktyabr hadisələri haqqında yazdığı gizli məktubları dərc etmişdi. Səfir xüsusilə vurğulamışdı ki, müxalifət o zamankı prezident Robert Köçəryanın rəhbərlik etdiyi hakimiyyəti istintaqa nəzarət etməkdə günahlandırırdı. “Heç bir konkret sübut olmadığı halda zərərçəkənlərin yaxınları və müxalifət liderləri Köçəryanı prosesə tam nəzarət etməkdə, işlə əlaqədar vacib məlumatları gizlətməkdə və bununla da siyasi mövqeyini möhkəmləndirməyə çalışmaqda günahlandırır”, – deyəs səfir real vəziyyəti təsvir etmişdi.

Köçəryan və tərəfdarlarının qətllərdə hər hansı bir iştirakını qəti şəkildə rədd etdiyini yazan Ordvey məktublarda bildirmişdi ki, ABŞ səfirliyinin də bunun əksinə dəlili yoxdur.

İki il əvvəl, keçmiş baş nazir Vazgen Sarkisyanın qardaşı, millət vəkili Aram Sarkisyan, 27 oktyabr hücumunun hazırkı hakimiyyət dövründə də həll edilməyəcəyini söyləmişdi. Onun sözlərinə görə, əhalinin 99 faizi bu hadisələrin açıqlanmadığına inanır və yalnız 1 faiz hər şeyin məlum olduğunu iddia edir.