Bağdadidən sonra İŞİD-ə o rəhbər seçildi

28 Oktyabr, 2019 11:53 | Siyasət | Baxış sayı: 101
Abdullah Qardaş
Abdullah Qardaş

Əl-Bağdadi cari ilin avqustunda onu özünə xələf təyin edib

ABŞ hərbçilərinin Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və onun yaxın tərəfdaşı Əbu əl-Həsən  əl-Muhaciri zərərsizləşdirməsindən sonra qruplaşma öz yeni rəhbərini seçib.

İstiPress-in məlumatına görə, bu barədə Amerikanın “Newsweek” jurnalı anonim bir kəşfiyyat mənbəyinə istinadən məlumat yayıb.

“Bir vaxtlar Səddam Hüseynin xüsusi xidmət orqanlarında xidmət etmiş keçmiş İraq zabiti haqqında az məlumatlı olsaq da, Abdullah Qardaş əl-Bağdadi rolunu öz üzərinə götürə bilər”, - deyə mənbə bildirib.

Qeyd edək ki, türkmən əsilli Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətinə bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də “ustaz”, yəni ərəbcə müəllim kimi ləqəbi alıb. Daha sonra İraqda qurulan “Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

“Əl Qaidə” terror təşkilatında fəaliyyət göstərmiş Qardaş sonralar İŞİD lideri Bağdadinin müavini Əbu Əlaa əl-Əfrinin adamı olub. İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Bağdadini təbrik edən ilk şəxs məhz Qardaş olub. 2016-cı ildə əl-Əfri həlak olduqdan sonra Abdulla Qardaş İŞİD liderinin “sağ əli”nə çevrilib.

İraq kəşfiyyatının rəsmiləri Qardaşı amansız terrorçu kimi xarakterizə edirlər. Bəzi İŞİD liderləri onu qorxaq, döyüş meydanından qaçan adam adlandırır. Ancaq ərəb mətbuatı Qardaşı küçə müharibələrinin əsas komandirlərindən biri adlandırır.

Əl-Bağdadi cari ilin avqustunda onu özünə xələf təyin edib.

ABŞ hökuməti Abdullah Qardaşın ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar pul mükafatı təyin edib.