Azərbaycanlı gənc ABŞ-da Vladimir Pozneri susdurdu - VİDEO

28 Oktyabr, 2019 09:20 | Siyasət | Baxış sayı: 180
Arzu Məmmədova
Arzu Məmmədova

Rusiyalı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb.

IstiPress-in məlumatına görə, xanım Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını və İsrail vətəndaşlarına qarşı ayrıseçkiliyin olmadığını söyləyib.

Arzu bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır.

“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır ".

A. Məmmədova Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin illərdir birgə yaşadıqlarını qeyd edərək, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdırıb.

"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".

Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir" dediyi zaman A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.