Gürcüstanda prezidentini seçir

28 Oktyabr, 2018 09:13 | Siyasət | Baxış sayı: 53
Gürcüstanda seçki
Gürcüstanda seçki

Prezident bu dəfə 6 il müddətinə seçiləcək

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Gürcüstan vətəndaşları ölkə prezidentini sonuncu dəfə ümumxalq səsverməsi ilə seçirlər. Prezident, əvvəlki illərdən fərqli olaraq, 6 il müddətinə seçiləcək.

Səsvermə yerli vaxtla saat 8:00-da başlayıb. Seçki bülletenlərinə 25 namizədin adı daxil edilib. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6 nəfərin namizədliyi isə seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Prezident seçkiləri ilə əlaqədar olaraq 3 min 730 seçki məntəqəsi yaradılıb. Onlardan 55-xarici ölkələrdə yerləşir. Seçicilərin ümumi sayı 3 milyon 518 min 877 nəfərdir. Xaricdə 14 min 795 seçici qeydiyyata alınıb. Seçki bülletenləri gürcü, Azərbaycan və erməni dillərində çap olunub.

Prezident seçkilərini izləmək üçün namizədlərin 82 min nümayəndəsi, həmçinin 73 yerli QHT-dən 22 min müşahidəçi qeydiyyatdan keçib. Səsvermənin gedişini, həmçinin 1100 beynəlxalq müşahidəçi və 125 kütləvi informasiya vasitəsindən 2000 jurnalist izləyəcək. Onların 31-i xarici KİV nümayəndəsidir.

Səsvermə axşam saat 20:00-da başa çatacaq.