“Forbes” Sofiyanın Azərbaycan prezidenti ilə söhbətindən yazdı

28 Oktyabr, 2018 13:03 | Siyasət | Baxış sayı: 52
"Sofiya" Azərbaycanda
"Sofiya" Azərbaycanda

"Sofiya robotu ağıllı texnologiyaların tətbiqi ilə Bakı aeroportunda 2 dəqiqəyə viza alıb"

Dünyanın məşhur “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence – Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazı dərc olunub. Yazı saytın manşetinə çıxarılıb və “facebook” səhifəsində paylaşılıb.

Məqalədə qeyd edilib ki, Qafqaza səfəri çərçivəsində Sofiya robotu ağıllı texnologiyaların tətbiqi ilə Bakının Beynəlxalq Hava Limanında 2 dəqiqə ərzində viza əldə edib. Səfərin və Sofiya üçün vizanın təmin edilməsi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi “ASAN xidmət” tərəfindən elektron hökumət xidmətləri vasitəsi ilə təmin edilib.

Diqqətə çatdırılıb ki, hər bir şəxs “ASAN xidmət” mərkəzlərində doğum, ölüm, nikah və ya boşanma sənədləşmələri, pasport, sürücülük vəsiqəsi yeniləmə, hüquqi şəxslərin qeydiyyatı, pulsuz hüquqi məsləhətləşmə, tibbi, tərcümə və başqa bir sıra xidmətlərdən yararlana bilər. 

Beynəlxalq miqyasda humanoidə viza verərək tanınan “ASAN xidmət”in daha bir addım ataraq “ASAN həyat” kompleksinin açılışı zamanı Sofiyanın Azərbaycan prezidenti ilə söhbətini təşkil etdiyi vurğulanıb. Prezidentlə görüşü zamanı Sofiya onun suallarını cavablandırıb və bir neçə mesajını bölüşüb. İşləmə prinsipi əsasında Sofiya daxilindəki kamera vasitəsi ilə qarşısındakının üz ifadələrini oxuya və nə vaxt cavab verə biləcəyini qərarlaşdıra bilir.

Audrey Hepburnə iltifatən Hanson Robotics şirkəti tərəfindən yaradılan Sofiya robotu Prezidentlə söhbəti zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN viza” aldığını bildirib və Bakı memarlığı haqqındakı düşüncələrini bölüşüb.

Yazıda səfərin əsasən iki məqam ilə yadda qaldığı qeyd olunub. “ASAN”ın vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə etdiyi və Hanson Roboticsin süni intellektinin yalnız ona verilən vəzifələrlə (məsələn təmizlik işləri kimi) kifayətlənməyəcəyini, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola bilmək kimi bacarıqlarının da olduğu diqqətə çatdırılıb.

Dünya mediası üzrə ən çox oxunan yazıları bir araya toplayan və ABŞ-da oxunma sayına görə ilk onluqda yer alan “Drudge Report” aqrerat saytı “Forbes” internet jurnalının müvafiq xəbərini öz siyahısına əlavə edib və məqaləyə keçid linki verib.