Ərdoğan 3 lideri topladı - Suriyaya görə

28 Oktyabr, 2018 09:36 | Siyasət | Baxış sayı: 51
İstanbul sammiti
İstanbul sammiti

Putin, Merkel, Makron və Ərdoğan İstanbulda sammit keçirib

Ötən gün İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderləri Suriya münaqişəsi ilə bağlı sammit keçiriblər. Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel və Emanuel Makron arasındakı görüş 2 saatdan çox davam edib. 

Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçirilib.

Sammitdən sonra liderlər Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq edən dörd dildə yayaılan bəyannamə qəbul edilib. Bundan əlavə, liderlər münaqişənin hərbi həlli mümkün olmadığılna əminlik bildiriblər. 

Ölkə liderlərinin açıqlamalarında əsas diqqət dörd məsələyə yönəldilib - Suriyada siayasi həll, qaçqınların geri qaytarılması, prezident Bəşər Əsədin gələcəyi və İdlibdə atəşkəsin qalıcılığı.

Sammitdən sonra mətbuat konfransında çıxış edən R.T.Ərdoğan Suriya böhranının qlobal hal almasının səbəbi kimi beynəlxalq ictimaiyyətin ona yetərincə diqqət göstərməməsini qeyd edib. 

"Uzun müddət Suriya böhranından qaynaqlanan böhranın yükünü mülki vətəndaşlar, qonşu ölkələr çəkməli olublar. Bir çox ölkə vəziyyətin gərginliyini ancaq öz sərhədlərinə çatanda anlaya bilib. Humanitar, siyasi və diplomatik addımlar ataılmazsa Suriyada vəziyyət daha da pisləşəcək". 

Rusiya lideri Vladimir Putin isə dörd ölkənin də suriyada vəziyyəti normallaşdırmaq üçün ortaq işə davam edəcəyini bildirib. Onun sözlərinə görə, bunun üçün əlverişli şərtlər var. "Türkiyə, Rusiya və İranın Astana formatı çərçivəsində fəaliyyətləri nəticəsində ölkənin böyük hssəsi terrorçulardan təmizlənib. Ölkə addım-addım sülhə doğru irəliləyir".