Dünyanın ən məşhur robotu Azərbaycanda zarafat etdi FOTOLAR

28 Oktyabr, 2018 09:16 | Siyasət | Baxış sayı: 152
"Sofiya" Bakıda
"Sofiya" Bakıda

Bakıya səfə edən "Sofiya" milli geyimimizi çox bəyəndiyini deyib

Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib. Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub.

“Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan “İnnovasiya həftəsi” çərçivəsində keçirilib.

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot “Sofiya” səhnəyə çıxdı. Sofiya “Qlobal İnfluenser Günü” ideyasını yüksək qiymətləndirdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirib. “Sofiya” Heydər Əliyev Mərkəzinin binasının möhtəşəm olduğunu qeyd edib. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini də çox bəyəndiyini bildirib.

Çıxışı zamanı “Sofiya” insan-robot münasibətlərinə də toxunub. “Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər”, - deyən “Sofiya”nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır.

Qeyd etdi ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söylədi, sosial şəbəkələrin əhəmiyyətinə toxundu, süni intellektin imkanlarından danışdı, Azərbaycanın üstünlüklərini vurğulayıb.

Çıxışı zamanı tamaşaçılar “Sofiya”nın zarafatının da şahidi oldular. “Sofiya” mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirib.

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış olub, “Sofiya” ilə söhbət edib.

Xatərladaq ki, “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.